"Çinlə sərhəd problemini həll etmədən normallaşma gözləmək olmaz" - Subrahmanyam Caişankar

10:15 15.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Maharaştra ştatının Naqpur şəhərində keçirilən tədbirdə çıxışı zamanı ölkəsi ilə Çin arasında münasibətlərlə bağlı açıqlamalar verib.

Hafta.az-ın “ANI News”a istinadən yazdığına görə, Çaişankar, Çinin 2020-ci il müqaviləsini pozaraq, mübahisəli sərhəddə iki ölkənin nəzarəti altında olan əraziləri ayıran Faktiki Nəzarət Xəttinə (LAC) qoşun yerləşdirdiyini bildirib və qeyd edib ki, ona görə də Hindistan özünümüdafiəyə hazır olmalıdır.

Caişankar Çinin xarici işlər naziri Vanq Yi ilə görüşünə toxunaraq, “Çinli həmkarıma izah etdim ki, əgər sərhəddə həll yolu tapılmazsa və qüvvələr üz-üzə dayanmağa davam edərsə, münasibətlərin qalan hissəsinin normal davam edəcəyini gözləməməliyik” deyib.

Çaişankar deyib ki, Çinlə Hindistan arasında son illər münasibətlərin yaxşı olmamasının əsas səbəbi Pekinin iki ölkə arasındakı yazılı razılaşmalara "sadiq qalmamasıdır".

Himalay dağları ilə əhatə olunmuş Çinlə Hindistan arasındakı aydın olmayan sərhəd xətti ölkələr arasında suverenlik mübahisələri yaradır. Çaylar, göllər, buzlaqlar və qarlı zirvələri əhatə edən 3500 kilometrlik sərhəd tərəfləri vaxtaşırı üz-üzə gətirir.

Pekin Hindistanın "Cənubi Tibet" adlandırdığı Arunaçal Pradeş əyalətində 90 min kvadratkilometr əraziyə iddia edərkən, Yeni Dehli Aksay-Çin yaylalarını əhatə edən 38 min kvadratkilometr ərazinin Çin tərəfindən işğal edildiyini bildirir.

1962-ci ildə iki ölkə arasında müharibəyə səbəb olan sərhəd mübahisəsini tərəflər uzun illərdir həll edə bilmədiyi üçün, zaman-zaman sərhəddə gərginlik artır.

15 iyun 2020-ci il tarixində sərhədin qərbindəki Ladax bölgəsindəki Qalvan vadisində Çin əsgərləri ilə toqquşmada 20 Hindistan əsgəri həyatını itirib. Çin də münaqişədə 4 əsgərinin öldüyünü açıqlayıb.

Dünyanın ən böyük ordusuna malik ölkələrin ictimai rəyində “müharibə” ritorikası ilə sərhəddəki gərginlik daha da artıb.

Siyasət rubrikasından digər xəbərlər