Qanalı cadugər Nana Kvaku Bonsam 2026-cı il dünya çempionatında Qana və İngiltərə yığmaları arasında keçiriləcək oyun ərəfəsində İngiltərə millisinin hücumçusu Harri Keynə lənət edəcəyini açıqlayıb.
Hafta.az xəbər verir ki, Bonsam Harri Keyn üzərində işlədiyini bildirib:
"Artıq nəyə qadir olduğumu göstərmişəm, buna görə də onu dayandırmaq üçün nə etməli olduğumu bilirəm. Mən proqnozlarımla çox məşhuram. Ona ciddi zədə arzulamıram. Mənim üçün kifayətdir ki, o, ölkəmin komandasına qarşı oyunda özünü göstərə bilməsin. Qanaya kömək etmək üçün əlimdən gələni edəcəyəm".
İngiltərə və Qana arasında qrup mərhələsinin ikinci tur oyunu iyunun 23-də keçiriləcək. Turnirdə ilk matçlarında hər iki komanda qələbə qazanıb.
Qana millisi dünya çempionatına Panama üzərində 1:0 hesablı qələbə ilə başlayıb. İngiltərə isə Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə Harri Keyn iki qola imza atıb.
Qeyd edək ki, Nana Kvaku Bonsam 2014-cü ildə də dünya çempionatı öncəsi Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun zədələnməsində rolunun olduğunu iddia etmişdi. Lakin Ronaldu turnir başlayana qədər sağalmış, Qana ilə keçirilən oyunda (2:1) meydana çıxmış və qol vurmuşdu./"Daily Star"/