“Dünya ictimaiyyəti qardaş Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalı altında olması faktını daha gözardı edə bilməyəcək”.
Hafta.az yazır ki, bu sözləri Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə deyib. Kiyevdə Azərbaycan səfirliyi tərəfindən təşkil edilmiş "Azərbaycanın müstəqilliyinin 29-cu ili” adlı tədbirdə çıxış edən diplomat deyib ki, bu günədək Azərbaycan Türkiyədə 20 milyard, Türkiyə isə Azərbaycanda 11 milyard dollar sərmayə yatırıb. O, iki ölkə arasında əlaqələrin xüsusilə prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin dönəmində gücləndiyini qeyd edib.
Dağlıq Qarabağda tərəflərin atəşkəs elan etməsinə rəğmən, Ermənistanın hücumlarına şahidlik etdiklərini vurğulayan səfir Güldərə, dünyanın Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması reallığını daha gözardı edə bilməyəcəyini deyib. "Türk xalqı Azərbaycan xalqının illərdir müsbət nəticə verməyən siyasi görüş və danışıqlardan yorulduğunu başa düşür. Ukraynanın beynəlxalq müstəvidə ərazi bütövlüyünü dəstəklədiyimiz kimi, Azərbaycanın da sərhədlərinin toxunulmazlığı məsələsində eyni fikirdəyik”, - deyib Türkiyənin Ukraynadakı səfiri Güldərə.
Çıxış edən Ukrayna ali Radasının deputatı Lyudmila Marçenko da deyib ki, Azərbaycan Ukrayna üçün strateji tərəfdaşdır. O, bütün dünyanın Dağlıq Qarabağı Azərbaycan torpağı olaraq qəbul etdiyini diqqətə çatdırıb və əlavə edib ki, ən qısa vaxtda Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.