"Ermənistanın hücumları qarşısında səssiz qalanlar da məsuliyyət daşıyırlar" - Səfir Xəzər İbrahim

11:10 18.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan balistik raketlərlə Azərbaycanın mülki əhalisinə hücum edir və həm də, xain ermənilər zərbəni gecə saatlarında - insanlar evlərində yatan vaxt endirir. Təbii ki, bunun bir izahı var - terror. Dövlət tərəfindən mülki insanlara qarşı törədilmiş terror. Bu hadisə nəticəsində Gəncə şəhərində günahsız insanlarımız, xüsusilə də körpələrimiz şəhid oldu, onlarla yaralımız var. Ermənilərin məqsədi bu yolla xalqımızı qorxutmaqdır, amma buna nail olmayacaqlar”.

Hafta.az yazır ki, bu sözləri Azərbaycanın qardaş Türkiyədəki səfiri Xəzər İbrahim yerli mətbuata açıqlamasında deyib. Səfir qeyd edib ki, Gəncə və digər şəhərlərə ballistik raketlər Ermənistan ərazisindən atılır. Ermənistanın bu xain hücumlarına susan ölkələr də cinayətə görə məsuliyyət daşıyırlar. "Ermənilər 1992-ci ildə Xocalıda soyqırım törətdilər azərbaycanlı əhaliyə qarşı. Amma dünyanın çox ölkəsi bu amansız qırğınları görə-görə susdu. Bu gün ermənilər Gəncə, Mingəçevir və digər şəhərlərimizə qarşı eyni hücumları təşkil edir, amma dünya yenə susur. Məhz bu susqunluq erməni terrorçulara güc verir və onları yeni cinayətlər törətməyə həvəsləndirir. Ermənistanın həyata keçirdiyi terror hücumları birmənalı şəkildə beynəlxalq qanunlara ziddir. Bu insanlığa qarşı cinayətdir. Azərbaycan prezidenti İlham Əliyevin də dediyi kimi, bütün müstəvilərdə Ermənistanın hücumlarına cavab veriləcək. Amma beynəlxalq ictimaiyyət də bu cinayətlərə səssiz qalmamalıdırlar", - deyib səfir X.İbrahim.   

Diplomat bildirib ki, əgər beynəlxalq ictimaiyyət dəvəquşu kimi başını quma soxub baş verənləri görmək istəməzsə, Azərbaycan dövləti olaraq nə hüquqi dillə, nə beynəlxalq münasibətlər baxımından, nə də insanlıq dili ilə danışa bilərik. "Sabah da başlarını quma soxanlar bizə hüquq dərsi keçə bilməyəcəklər. Azərbaycan tam hüquq çərçvəsində öz işini görəcək. Amma onlar bu işlərə qiymət verməyəcəksə, düşmənin hərəkətlərini qınamayacaqlarsa, günahkarları adı ilə çağırmayacaqlarsa, bu artıq ikiüzlülükdür, riyakarlıq, ikili standartlardır”, - deyib Azərbaycanın Türkiyədəki səfiri X.İbrahim.