Çinin xarici işlər naziri Vanq Yi Ümumçin Xalq Nümayəndələri Konqresinin illik ümumi yığıncağı çərçivəsində paytaxt Pekində keçirilən “Çinin xarici siyasəti və xarici əlaqələri” adlı mətbuat konfransında çıxış edib.
Hafta.az-ın yazdığına görə, Qəzzada davam edən hücumların artıq 100 mindən çox mülki itki və yaralanmaya səbəb olduğuna, saysız-hesabsız günahsız insanın dağıntılar altında basdırıldığını diqqətə çatdıran Vanq Yi, “XXI əsrdə bu humanitar böhranın qarşısının alınmaması bəşəriyyətin faciəsi və sivilizasiyanın rüsvayçılığıdır. Bu münaqişəni uzada və ya mülki əhalini öldürə biləcək heç bir şey bunu qanuniləşdirə bilməz" deyib.
Vanq Yi beynəlxalq ictimaiyyətin təcili atəşkəs elan etmək üçün hərəkətə keçməli olduğunu və humanitar yardımın təmin edilməsini mənəvi öhdəlik kimi görməsi lazım olduğunu bildirərək, "Qəzzadakı insanların da bu dünyada yaşamaq haqqı var. Qadınlar və uşaqlar ailələri ilə birlikdə təhlükəsiz olmağa layiqdirlər. Bütün girovlar azad edilməli, mülki insanlara zərər verən bütün hərəkətlər dayandırılmalıdır" deyə vurğulayıb.
Qəzzada yaşanan fəlakətin dünyaya yeni bir xəbərdarlıq olduğuna diqqət çəkən nazir deyib ki, Fələstin torpaqlarının uzunmüddətli işğalı artıq gözardı edilə bilməz. Fələstin xalqının illərdir müstəqil dövlət həsrəti artıq başa çatmalıdır. Fələstinlilərə qarşı tarixi ədalətsizlik aradan qaldırılmadan nəsildən-nəslə ötürülə bilməz.
Çinin XİN başçısı vurğulayıb ki, iki dövlətli həll amansız münaqişə dövriyyəsini qırmaq, ekstremist ideologiyaların bəsləndiyi zəminləri aradan qaldırmaq və Yaxın Şərqdə daimi sülhü təmin etmək üçün yeganə yoldur.
Çinin Fələstin xalqının qanuni milli hüquqlarının bərpası üçün haqlı səbəbini dəstəklədiyini ifadə edən Vanq Yi, iki dövlətli həll üçün təqvim və yol xəritəsini müəyyənləşdirmək üçün mötəbər və əhatəli beynəlxalq sülh konfransının çağırılması çağırışını təkrarlayıb.
Nazir Çinin Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəklədiyini vurğulayıb və “Təhlükəsizlik Şurasının bəzi üzvlərini” bu məsələyə mane olmamağa dəvət edib.
Çinin sülh üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcəyini bildirən Vanq Yi, “Fələstin və İsrail iki dövlət olaraq sülh şəraitində birgə yaşamaq məqsədinə uyğun danışıqları ən qısa zamanda davam etdirməli, ərəb və yəhudi xalqları harmoniya içində yaşamalıdır" deyib.