"İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə başlanılacaq"- Rəsmi açıqlama

11:26 25.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin aprelin 12-də keçirilmiş növbəti Məclisində “İcbari tibbi sığortanın tətbiqinə hazırlıq” məsələsinə baxılmışdı.

Həmçinin İcbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinin yeni maliyyələşdirilməsi qaydalarından danışan Agentliyin Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov icbari tibbi sığorta modelləri, universal tibbi təminat, ölkəmizdə və digər ölkələrdə mövcud səhiyyə sistemləri barədə çıxış edib. Onun sözlərinə görə, icbari tibbi sığortahaqqı muzdlu işçilər üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün isə illik 120 manat müəyyənləşdirilib. A.Nəsirov eyni zamanda icbari tibbi sığortahaqqını ödəməkdən azad olunan əhali qrupları barədə də məlumat vermişdi.

Yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiqi prosedurası başlanacaq. Bilmək istəyirdik ki, Bakıda hansı xəstəxanalarda ilk tətbiqi başlanacaq, bölgələrdə də bu işlər start götürəcək?

Hafta.az-ın sualına İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən verilən cavabda bildirilir ki, 1 yanvar 2020-ci ildən etibarən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq:

"Bu məqsədlə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilən tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. 

Sözügedən tibb müəssisələri 1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcəklər"