Ağdama daha 10 min nəfər köçürüləcək

22:37 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2026-cı il “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın sonuncu ilidir. Əvvəllər başlanmış layihələrin böyük hissəsi bu il ərzində yekunlaşır. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında, o cümlədən Ağdam şəhərində, Ağdamın iki kəndində, Füzulinin iki kəndində, eləcə də Xocavənd rayonunun bir sıra yaşayış məntəqələrində bərpa, təmir və tikinti işlərinin başa çatdırılması nəzərdə tutulur.

Hafta.az xəbər verir ki, bu sözləri azertac-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib. O bildirib ki, ilin sonuna qədər Ağdam şəhərində dördüncü və beşinci yaşayış komplekslərinin istifadəyə verilməsi ilə təxminən 10 min nəfərin köçürülməsinin təmin edilməsi planlaşdırılır. Eyni zamanda, Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli, Ağdam rayonunun Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinin tikintisi davam edir. Xocavənd rayonunda isə bir şəhər, iki qəsəbə və 14 kənddə yaşayış məntəqələrinin bərpası aparılır və ilin sonuna qədər rayon əhalisinin 12 min nəfərə çatdırılması nəzərdə tutulur.

“Bütün bu proseslər “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun həyata keçirilir. Hazırda II Dövlət Proqramı hazırlanır və onun çərçivəsində Ağdam şəhərində, rayonun digər kəndlərində, eləcə də Füzuli rayonunda bərpa işlərinin davam etdirilməsi planlaşdırılır. Növbəti mərhələdə Ağdam rayonuna əlavə 30–40 min, Füzuli rayonuna isə daha 10 min nəfərin köçürülməsi nəzərdə tutulur. Əsas infrastruktur layihələrinin böyük hissəsi artıq tamamlandığından, bundan sonra sosial infrastrukturun tikintisi və köç prosesi daha sürətlə həyata keçiriləcək”, - deyə E.Hüseynov vurğulayıb.