Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov Rusiya ilə Ukrayna arasında silahlı münaqişənin yaranmasını alman filosof Emmanuel Kantla (1724-1804) əlaqələndirir. Əvvəllər Köniqsberq kimi tanınan Kalininqradda doğulmuş Kantın məzarı da bu şəhərdə yerləşir.
Hafta.az-ın yazdığına görə, "Burada doğulmuş Kant, demək olar ki, üzləşdiyimiz qlobal xaos və təlatümlə birbaşa bağlıdır. Ən çox da Ukraynadakı hərbi münaqişə ilə", - Əlixanov deyib. Qubernator iddia edib ki, alman filosof “alman iradəsini təşviq edib, lakin bu zaman Allahla və ali dəyərlərlə əlaqəni kəsib”.
2015-ci ildə yetkinlik yaşına çatmayan kimi tanınan bir neçə şəxs Kantın üç il yaşadığı evin divarına “Kant – loh” yazıb.
2018-ci ildə bölgədəki hava limanının adının Kant olaraq dəyişdirilməsi gündəmdə olsa da, Baltik Donanmasının bir admiralı hava limanına Kantın adının verilməsinə qarşı çıxıb.
Lakin 2013-cü ildə Vladimir Putin Emmanuel Kantın Baltik Dövlət Universitetinin simvolu edilməsini əmr edib və filosofu “bütün Avropanın simvolu” adlandırıb.
Kalininqrad bu il Kantın 300 illik yubileyini qeyd etməyə hazırlaşır.