"Son 30 ildə iqlimlə bağlı fəlakətlərin sayı üç dəfə artıb. Bu səbəbdən də karbon emissiyalarının azaldılması zərurətə çevrilib".
Hafta.az-ın yazdığına görə, bu sözləri Ondokuz May Universitetinin professoru Yüksəl Ardalı deyib. Professor Ardalı zəlzələ, sunami və sürüşmə kimi təbii fəlakətlərlə yanaşı, meteoroloji, hidroloji, iqlim və bioloji fəlakətlərin də baş verdiyini bildirib. Ardalı, 2006-2016-cı illər arasında qlobal dəniz səviyyəsinin qalxmasının 20-ci əsrə nisbətən 2,5 dəfə daha sürətli olduğunu diqqətə çatdırıb.
Ardalı, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) məlumatlarına görə, 2030-cu ilə qədər inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşmaq üçün ildə 140 ilə 300 milyard dollar arasında xərclə üzləşəcəyini deyib. Eyni zamanda o, 2005-2015-ci illər arasında 700 mindən çox insanın həyatını itirdiyini, təxminən 23 milyon insanın evsiz qaldığını, 1,5 milyard insanın təbii fəlakətlərdən zərər çəkdiyini əlavə edib.
2030-cu ilə qədər dünyada hər il 560 fəlakət olacağına, iqlim dəyişikliyi və fəlakətlərin təsirləri səbəbiylə 37,6 milyon insanın yoxsulluq şəraitində yaşamaq məcburiyyətində qalacağına diqqət çəkən Ardalı, həddindən artıq musson yağıntıları və qar örtüyünün azalması kimi təbii hadisələrin olacağını bildirib.
Yüksəl Ardalı iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması proseslərini iki əsas başlıq altında araşdırıb. Onun fikrincə, bunlardan biri olan dekarbonizasiya prosesi artıq seçim yox, zərurətə çevrilib. Ardalı, yaşıl çevrilmənin iqtisadi cəhətdən davamlı böyüməyə yönəldiyini, qalıq yanacaq və təbii qaynaqların həddindən artıq istehlakına əsaslanmayan iqtisadiyyata keçidi təmsil etdiyini söyləyib.
Ardalı həmçinin aşağı karbonlu iqtisadiyyat və yeni texnologiyalarla enerji istehlakının azaldılmasının və karbonsuz, sıfır emissiyalı enerji texnologiyalarının istifadə edilməsinin vacibliyini vurğulayıb. Professor bildirib ki, enerji səmərəliliyi, elektrikləşdirmə və yaşıl infrastruktur sistemləri kimi mövzular iqlim dəyişikliyi ilə mübarizədə kritik rol oynayacaq.