“9 noyabr - Dövlət Bayrağı Gününün müstəsna əhəmiyyəti var” -MÜNASİBƏT

19:37 04.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bu gün işğaldan azad edilmiş hər bir rayonumuzda, Ermənistanla şərti sərhəddimizdə, tarixi Xudafərin körpüsündə dalğanan üçrəngli bayrağımız qürur mənbəyimizdir". Bunu SİA-ya açıqlamasında "Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, bu bayrağın Ağdamda, Laçında, Şuşada, Xankəndində daima qürurla dalğalanması üçün minlərlə igid oğullarımız şəhidlik zirvəsində ucalıblar: "Üçrəngli, ay-ulduzlu bu bayraq onların bizə əmanətidir. Borcumuzdur ki, bizlər də qanımız, canımız hesabına əmanəti göz bəbəyi kimi qoruyaraq gələcək nəsillərə təhvil verək. Bu müqəddəs missiyanın daim xatırlanması, bayrağın mahiyyətinin gənc nəsil tərəfindən dərk edilməsi üçün 9 noyabr – Dövlət Bayrağı Gününün müstəsna əhəmiyyəti var. Təbii ki, dövlət rəmzlərimizin ən şanlısı olan üçrəngli bayraq haqqında məlumatlar, ona sevginin aşılanması hər gün, hər zaman aparılmalıdır. Lakin məxsusi bir gündə bu missiyanın dövlət və cəmiyyət olaraq hamılıqla birlikdə yerinə yetirilməsi ölkə vətəndaşlarının yaddaşına, hafizəsinə dərin iz buraxır. Mətbuat olaraq bizlər də Azərbaycan bayrağına olan diqqət və sayqımızı daim göstərməli, bu missiya üçün əlimizdən gələni etməliyik".