Son günlər Azərbaycan ərazisində təxribatçı fəaliyyətlə məşğul olan İranın casus şəbəkəsinin üzvlərinin aşkarlanaraq həbs edilməsi istiqamətində Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi səviyyəsində ardıcıl əməliyyatlar həyata keçirilməkdədir.
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.
Özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq, ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər. Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.
Bundan əlavə, İranın casusları Azərbaycan gəncliyinin məhv edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərirlər. Sirr deyil ki, ölkəmizə gətirilən narkotik vasitələrin əksəriyyətinin mənbəyi məhz molla rejiminin hökm sürdüyü cənub "qonşumuz"dur.
Dünən, həmçinin iranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlar keçirilib, 36 nəfər saxlanılıb, 114 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Pünhan”, “Baba”,“Peyman”, “Araz” və digər şərti adları altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən, sosial şəbəkələrdə gəncləri şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edən mütəşəkkil cinayət dəstənin üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan ümumilikdə 36 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 114 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 3 min ədəd ekstazi və metadon həbi çıxarılıb.
İranın Azərbaycan əleyhinə casus fəaliyyəti dünya mətbuatının da diqqətindədir. Bu məsələ ilə bağlı səsləndirilən rəqəmlər isə Tehranın ölkəmizdə qurmağa çalışdığı "casus hörümkək toru"nun nə dərəcədə geniş olduğunu gözlər önünə sərir.
Türkiyənin “Diriliş Postası” qəzeti yazır ki, İran kəşfiyyatı ilahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki və hərbi bürokratiya sahəsində Tehrana xidmət etməli olan, sayları 3500-ə çatan şiə xəbərçilərini Azərbaycana sızdırıb. Azərbaycan kəşfiyyatı 1997-2011-ci illər ərzində fəaliyyəti xüsusi proqram çərçivəsində həyata keçirilən agentləri müəyyən edib. Lakin 700 şiə xəbərçisi Azərbaycanı tərk edə bilib.
1996-cı ildə İranda Azərbaycan masası adlı xüsusi bölmə yaradılıb. İlk addım kimi İran xüsusi xidmət orqanlarının “Şaziman-ı İttilaat” və İran İnqilabı Keşikçiləri Korpusunun əməkdaşlarından Azərbaycanın coğrafiyası, dili və mədəniyyəti üzrə xüsusi təlim keçmiş 4000 kəşfiyyatçı seçilib. Bu məlumat verənlərin hamısı Bakıya azərbaycanlı qadınlarla evlənərək daxil olublar. Azərbaycan qanunlarına əsasən, İran agentlərinin vəzifə təlimatları da dəyişdirilib və bu, onlara evləndikdən 5 il sonra vətəndaşlıq əldə etmək hüququ vasitəsilə daha geniş imkanlar verib.
Vətəndaşlıq hüququ olanlar daha strateji rayonlara göndərilib. Bəzi informatorlar kommersiya sferasında işlədiyi halda, digərləri mülki və hərbi diplomatiya, siyasət, QHT-lər, mədəniyyət, incəsənət və ilahiyyat kimi sahələrə nüfuz etmişlər.
Ən maraqlı məqam odur ki, bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qanlı basqın edən Yasin Hüseynzadənin də həmin komandadan olduğu müəyyənləşib. Urumiyyədə kitab satıcısı olan qardaşı Rəhman Hüseynzadənin İİKK-nin kəşfiyyatında xüsusi vəzifələri var. Yanvarın 27-də səfirliyə hücum planının əsası səfirliyin bütün əməkdaşlarının öldürülməsi idi. Azərbaycan diplomatlarının və təhlükəsizlik qüvvələrinin müqaviməti bu planı alt-üst etdi.
Göründüyü kimi, üzdə illərlə "din qardaşlığından", "mehriban qonşuluqdan" dəm vuran Tehran rejimi Azərbaycanda da ictimai-siyasi həyatı Suriya, livan və Yəmən kimi özünün zombi düşüncəli casus şəbəkəsi vasitəsi ilə iflic etməyi qarşısına başlıca məqsəd kimi qoyub. Lakin molla rejimi bir məqamı unudur ki, Azərbaycan Suriya, Livan və Yəmən deyil. Rəsmi Bakı hər şeyi görür və önləmlərini əvvəlcədən alır, vatı və zamanı gəldikdə isə milli maraqlarını təhdid edən məqamları anındaca zərərsizləşdirir.
Maraq doğuran xüsusi məqamlardan biri də o idi ki, İranda bir dənə də olsun Azərbaycanı təbliğ edən hansısa informasiya resursuna rast gəlinmir, əksinə, əleyhimizə fəaliyyət göstərən, Azərbaycanın suverenliyini təhdid edənlərə efir verən mətbuat orqanlarının fəaliyyəti xüsusi himayə edilir, İranın Azərbaycana qarşı dövlət terroru bu "media" vasitəsilə xüsusi plan əsasında ardıcıl reallaşdırılırdı. Bunun əksinə olaraq Azərbaycanda isə İranın maraqlarını müdafiə edən informasiya saytları, internet televiziyaları fəaliyyət göstərirdi.
Ölkənin milli təhlükəsizlik strategiyasında informasiya təhlükəsizliyinin xüsusi əhəmiyyət daşıdığını nəzərə alsaq, DİN tərəfindən iranpərəst "media" quruluşlarına qarşı əməliyyatın nə dərəcədə zəruri və vaxtında atılmış addım olduğunu görə bilərik. Əməliyyatın detallarına nəzər saldıqda bu təhlükənin miqyası daha aydın görünür.
Xatırladaq ki, yanvarın 31-də Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” da var.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər - A.T.Kərimov, E.A.Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H.Cabbarlı, F.S.Əbdülov və A.Ə.Cümşüdov şübhəli şəxs qismində tutulublar.
“İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada yerləşən kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub. 2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov alıb. Hazırda kanalın baş ofisi Türkiyəyə keçirilib və “Türksat” peyki üzərindən yayımı təşkil olunub. Telekanalda İranın rəsmi şəxslərinin açıqlamaları, bu ölkənin maraqlarına xidmət edən məlumatlar çoxluq təşkil edir. Əvvəlki dövrdə telekanalda hazırda “Nardaran hadisələri”nə görə həbsdə olan Hacı Taleh Bağırzadə, Hacı Zülfüqar Mikayılzadə və İranla yaxınlığı ilə seçilən digər dindarlar geniş reklam olunub.
Kanalın sahibi Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun hətta İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.
“SalamNews” İnformasiya Agentliyi fəaliyyətə 2010-cu ilin mart ayının 1-dən başlayıb. İnformasiya Agentliyinin təsisçisi “İnterAz” TV-nin sahibi Hacı Mətləb Bağırovdur. Agentliyin Bakı ofisi “İnterAz” TV-nin Bakı nümayəndəliyi ilə eyni ünvanda, Yasamal rayonu ərazisində yerləşir. “SalamNews” İA-nın 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir. “SalamNews” İA əvvəlki dövrdə geniş iranyönümlü dini təbliğat aparsa da, hazırda İranın rəsmi şəxslərinin, dindarlarının müxtəlif açıqlamalarını yayımlayır, dini maarifləndirmə xarakterli materiallar verir.
Göründüyü kimi, Tehrandakı Səfirliyimizə düzənlənən mənfur terror hücumundan sonra Azərbaycan qəti şəkildə cənubdan gələ biləcək həm daxili, həm də xarici təhlükəni zərərsizləşdirməkdə qərarlıdır. Həyata keçirilən əməliyyatlar molla rejimi, SEPAH kimi terroru dəstəkləyən, onu maliyyələşdirənlərə də açıq mesajdır: Azərbaycan istənilən təxribatın qarşısını almağa, təhdidləri aradan qaldırmağa tam qadirdir. Bu məsələdə rəsmi Bakının müttəfiqləri Tehranın həyata keçirtdiyi "regional siyasətin" qurbanlarına çevrilmiş yerlə yeksan olmuş, adı var-özü yox ölkələr deyil. Bizim müttəfiqlərimiz Türkiyə, İsrail və digər inkişaf etmiş, dünya siyasətinə yön verən ölkələrdir. Bu səbəbdən, Tehran rejimi ərazisinin böyüklüyünə arxayın olub Azərbaycanla təhdid dilində danışmamalı, rəsmi Bakının çağırışlarına adekvat cavab verməlidir. Əks təqdirdə itirən yenə də İran olacaq...