ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İraq Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) üzvlüyünü davam etdirib-etdirməmək barədə müstəqil qərar verməlidir.
Hafta.az xəbər verir ki, Tramp bunu Ağ Evdə İraqın Baş naziri Əli əl-Zeydi ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. "OPEC-ə gəldikdə isə, bu, onların (İraqın) qərarıdır", - deyə ABŞ Prezidenti bildirib. Daha əvvəl "Shafaq News" mənbələrinə istinadla məlumat yayıb ki, İraq xam neft hasilatı kvotasının artırılması ilə bağlı təklifi qəbul edilmədiyi halda, OPEC-dən çıxmaq məsələsini nəzərdən keçirə bilər.
Qeyd edək ki, mayın 1-də Birləşmiş Ərəb Əmirlikləri 11 ölkənin daxil olduğu OPEC və OPEC+ formatlarından ayrıldığını açıqlayıb.
Əli əl-Zeydi ilə görüşü zamanı Donald Tramp İraqın böyük iqtisadi potensiala malik olduğunu bildirib. O, xüsusilə neft sektorunda ABŞ şirkətlərinin ölkədə genişmiqyaslı fəaliyyət göstərəcəyini qeyd edib. Tramp əlavə edib ki, İraqın ABŞ-lə əməkdaşlıq etməkdə maraqlı olduğunu düşünür. Onun sözlərinə görə, Bağdad digər ölkələrdənsə Vaşinqtonla biznes əlaqələrinə üstünlük verir.