Ulu Öndərin siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü qeyd edilib

08:29 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü münasibətilə “İradənin zəfər çaldığı gün: Tarixi bir başlanğıcın izi ilə” adlı tədbir keçirilib. Tədbir İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Hafta.az xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca iştirakçılar Ümummilli Liderin Azərbaycan naminə çəkdiyi fədakar zəhmətə həsr olunmuş “Liderin ürəyi” sənədli filmini izləyiblər. Sonra iştirakçılar Mərkəzin ekspozisiya zalında Ulu Öndərin zəngin irsini əks etdirən fotostendlərlə tanış olaraq, dahi şəxsiyyətin keşməkeşli, lakin şərəfli həyat yoluna nəzər salıblar.

Tədbirdə çıxış edən natiqlər 1969-cu il iyulun 14-də Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə respublikamızda başlayan intibah dövrü, iqtisadi və mədəni yüksəliş, həmçinin müstəqilliyə aparan mürəkkəb yolun etibarlı təməli barədə geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, tədbir Azərbaycanın müstəqillik yolundakı şanlı tarixi gənc nəsillərə çatdırmaq, Ümummilli Liderin xilaskarlıq missiyasını dərindən dərk etmək və vətənpərvərlik ruhunu gücləndirmək məqsədi daşıyıb./azertag/