Rusiya ilə tarixən yaxın siyasi və iqtisadi əlaqələri olan Kiprdə 13 şəxs və qurum ABŞ və İngiltərə sanksiyalarının hədəfi olub.
Hafta.az-ın “Guardian”a istinadən yazdığına görə, qəzetin dərc etdiyi “oliqarx dosyeləri”nin ardınca verilən sanksiya qərarları ilə rusiyalı oliqarxlar Roman Abramoviç və Əlişir Usmanovla iş apardığı iddia edilən “maliyyə vasitəçiləri”nin bank hesabları dondurulub.
Müvafiq olaraq 14 milyard və 9 milyard dollar sərvəti olan Usmanov və Abramoviç dünyanın ən zəngin Rusiya vətəndaşları sırasındadır.
İngilis mətbuatının “oliqarx faylları” kimi elan etdiyi sənədlərdə Kiprdə sanksiyalardan yayınıldığına dair məlumatlar yer alırdı.
Martda vəzifəsinin icrasına başlayan Kipr prezidenti Nikos Kristodoulidis istintaqın dərinləşdirilməsi üçün ABŞ və İngiltərədən əlavə məlumat istədiklərini bildirərkən, “Heç kəsin ölkəmizin adına ləkə gətirməsinə icazə verməyəcəyik” deyib. Hökumət sözçüsü, sanksiyalara nəzarət etmək üçün yeni bir bölmənin yaradılacağını deyərək, "Millətimizin etibarı qorunmalıdır. AB sanksiyalarından kənara çıxmağa yol verilməyəcək" bildirib.
Yeni icra bölməsinin yaradılmasına Böyük Britaniya səlahiyyətlilərindən dəstək veriləcəyi açıqlanıb.
Kiprin ən böyük bankı olan Cyprus Bank, sanksiyalar xəbərindən sonra 4 min Rusiya vətəndaşının təxminən 10 min hesabının bağlanacağını açıqlayıb. Bank bu hesablardakı əmanətlərin bankın ümumi aktivlərinin 0,5 faizinə bərabər olduğu barədə məlumatı paylaşıb. Bu həftə prezident administrasiyasında keçirilən fövqəladə yığıncaqda iştirak edən Mərkəzi Bankın sədri Konstantinos Herodotou, yerli hakimiyyət orqanlarının da 43 min ön şirkəti bağladığını söyləyib.