ABŞ-da evsizləri metro stansiyasından uzaqlaşdırmaq üçün maraqlı üsul tətbiq edilir.
Hafta.az-ın "New York Post"a istinadən yazdığına görə, Los-Anceles, Kaliforniyadakı Westlake/MacArthur Park metro dayanacağında klassik musiqi səslənir. Dayanacaqda gözləyən sərnişinlər Bethoven, Vivaldi, Motsart kimi ustaların əsərlərini dinləyirlər. Digər tərəfdən, sosial şəbəkələrdə musiqinin çox yüksək səsləndirilməsi ilə bağlı tənqidlər də var. Bundan əlavə, evsizlərin metro stansiyalarından getməsi üçün əlavə edilən işıqlar da reaksiyaya səbəb olub.
Digər tərəfdən Los Anceles Metropoliteninin rəsmiləri klassik musiqinin hüquq-mühafizə orqanları ilə yanvar ayında başlayan pilot proqramın bir hissəsi olduğunu bildirdilər. Klassik musiqi və əlavə işıqlarla yanaşı, proqram stansiyalarda təhlükəsizlik kameralarının və polis əməkdaşlarının sayını artırıb.
"Biz istəyirdik ki, stansiyamız qısa müddətlər üçün rahat olsun, saatlarla dayanmaq üçün yox" deyən Los Angeles Metrosunun sözçüsü Dave Sotero, əslində musiqi səsinin çox yüksək olmadığını deyib. Sotero stansiyada səsin 72 desibelə çatdığını və çöldə gəzərkən eşidilən səs-küydən daha sakit olduğunu iddia edib. "Çöldə gedərkən eşidilən səs 80 desibelə çatır", - o, deyib.
Stansiyaya gedən "Los Angeles Times" qəzetinin müxbiri, musiqinin ümumiyyətlə 83 desibeldə səsləndirildiyini, bəzi yerlərdə isə 90 desibelə çatdığını müəyyən edib.
"New York Post" qəzeti isə bu yerdə ABŞ ordusunun musiqi işgəncələrini xatırladıb.
Panama diktatoru Manuel Noryeqa ABŞ prezidenti Corc Buşun 1989-cu ildə ölkəni işğal etməsindən sonra Vatikanın ölkədəki səfirliyinə sığınıb. Noryeqa təslim olmadıqda ABŞ əsgərləri səfirliyin qarşısında nəhəng dinamiklər qoyaraq rok mahnılarını işə salıblar.
ABŞ ordusu Quantanamo həbsxanasında iraqlı məhbuslara "Metallica"nın "Enter Sandman" parçasını da bu tərzdə dinlətmişdi.