ABŞ Ukraynaya vermək üçün Türkiyədən top mərmisi istəyib

09:44 01.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqləməsindən sonra Türkiyəyə rəsmi səfərə gələn ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland CNN TÜRK kanalına mühüm açıqlamalar verib.

Hafta.az-ın yazdığına görə, Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqlədikdən sonra Ankaraya gəlməsinin təsadüfi olmadığını deyən Nuland, Türkiyənin F-16 donanmasını inkişaf etdirməsinin Amerikanın təhlükəsizliyi üçün çox böyük əhəmiyyət daşıdığını bildirib.

CAATSA sanksiyalarının Türkiyə hökumətinin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almaq qərarı ilə bağlı olduğunu xatırladan ABŞ diplomatı, həm S-400 alınmasından əvvəl, həm də sonra uzun illərdir ki, hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə etmək istədiklərini bildirib. O bildirib ki, Türkiyə S-400 probleminin öhdəsindən gələ bilsə, CAATSA sanksiyaları aradan qaldırılacaq və Türkiyə F-35 danışıqlarına qayıda bilər.

Müdafiə sənayesində yenidən danışıqlara başladıqlarını bildirən Viktoriya Nuland Türkiyənin 155 mm-lik top mərmiləri istehsal etdiyini və Ukraynanın bu top mərmilərinə çox ehtiyacı olduğunu bildirib. Nuland deyib: “Türkiyə hazırda 155 mm-lik sursat istehsal edir. Buna çox ehtiyacımız var. Ukraynanın buna çox ehtiyacı var. Biz bunun üzərində işləyirik. Biz birlikdə işləyə biləcəyimiz digər müdafiə ticarəti təşəbbüsləri üzərində də çalışırıq. Təbii ki, biz artıq kənd təsərrüfatı, toxuculuq və bu kimi sahələrdə də çoxlu işlər görürük və bunlar çox vacibdir”.