Adil Əliyev: Fransanın məqsədi Ermənistanı özündən asılı vəziyyətdə saxlamaqdır

17:44 01.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Qərb dairələrində ölkəmizə qarşı iki yanaşmanın şahidi oluruq. Birincisi Almaniya və digər dövlətlər tərəfindən irəli sürülən ədalətli, düzgün yanaşmadır. Bu dövlətlər anlayır və etiraf edir ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar etməsi dövlət olaraq onun təməl haqqı idi. Bu yanaşmaya tərəfdar çıxan dövlətlərin yeganə amalı odur ki, Cənubi Qafqazda sülh gündəliyi irəli aparılsın və regionda sülhə nail olunsun.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

O qeyd edib ki, bu yanaşmanın tərəfdarları ortaya konkret mövqe qoyurlar, ölkəmizin Ermənistanı sülhə dəvətini dəstəkləyir, sülh sazişinin imzalaması barədə təşəbbüsümüzü yüksək qiymətləndirirlər. Anlayırlar ki, imzalanacaq sülh müqaviləsi nəticəsində regionda sabitlik və təhlükəsizlik təmin olunacaq. Onlar bununla bağlı tez-tez fikirlərini açıqlayırlar. Məsələn Almaniya hər iki ölkənin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməklə sülh müqaviləsi ilə bağlı məsələlərə öz töhfəsini verir.

Münasibətlərin inkişaf etdiyi və qarşılıqlı müzakirələrin davam etdiyi bir vaxtda Fransa, həmçinin erməni lobbisinin təsirində olan bəzi başqa qüvvələr Ermənistanı açıq-aşkar silahlandırmağa davam edir. Fransanın regionu xaosa sürükləməklə bağlı qərəzli addımları dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılsa da, bu ölkə Ermənistanı məcburi şəkildə uçuruma sürükləyir. Münasibətlərin sabitləşməsinə imkan yaratmaq əvəzinə, Ermənistana silah tədarükünün yeganə hədəfi Cənubi Qafqazda sülhə maneə olmaq, Ermənistanı özündən asılı vəziyyətdə salmaqdır. Fransa göstərdiyi bu “yardım”la ölkəsində olan xaosu Cənubi Qafqaza ixrac edir, eləcə də Ermənistan vasitəsilə hakimiyyət daxilindəki böhranı gizlədir.

“Təbii, beynəlxalq ictimaiyyət başa düşür ki, Azərbaycan öz haqlı mövqeyini qoruyur və sülh müqaviləsinin bağlanması üçün də bütün mövcud şərtləri qarşı tərəfə təklif edir. Sülh müqaviləsinin gündəliyində əsas yerdə olduğunu bildirən Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı şərtləri irəli sürüb. Məqsəd isə regionda sabitliyə və mehriban qonşuluq siyasətinə dəstək verməkdir.

Borrel guya ölkəmizin Ermənistana qarşı hücum edəcəyini bildirərək, ölkəmizin gözdən salınması istiqamətində erməni lobbisinin təsiri altında əsassız və məqsədyönlü iddialar səsləndirir. Başa düşmür ki, Azərbaycan Ermənistanı bir dövlət olaraq çökdürmək əsas hədəf kimi müəyyənləşdirsəydi, 2020-ci ilin noyabrın 10-da hərbi əməliyyatları dayandırmaz və faktiki olaraq sıradan çıxmış Ermənistan ordusunu son əsgərinə qədər məhv edər, düşmənin təslim olmaqla bağlı yalvarışlarına məhəl qoymazdı.

Habelə 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat davam edən antiterror tədbirlərinin yeganə hədəfi hərbi obyektlər və hərbi texnika olmazdı. İkinci Qarabağ müharibəsində, antiterror tədbirləri zamanı Ordumuz üzərinə düşən vəzifəni yüksək səviyyədə icra etdi və yalnız hərbi təyinatlı obyektlərə zərbələr vurdu. Döyüş əməliyyatları zamanı müharibə qanunlarına yüksək dərəcədə riayət edən peşəkar hərbi qulluqçularımız Ermənistandan fərqli olaraq, mülki əhalini və obyektləri heç zaman hədəf seçməyiblər. Bunu Qərb dairələri kifayət qədər yaxşı bilir”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

Diqqətə çatdırılıb ki, belə olan halda, Azərbaycanın Ermənistana hücum edəcəyi barədə proqnoz vermək absurd düşüncədən başqa bir şey deyil. Məhz erməni lobbisinin maliyyə dəstəyi ilə həyata keçirilən bu siyasətin “ana xətti”ni Azərbaycanı hər vəchlə gözdən salmaq və Avropada sevilməyən bir ölkəyə çevirməkdir. Ölkəmizi demonizə edərək onun Qərbdə gedən proseslərdən kənarlaşdıra və imicini zədələyə biləcəyini düşünənlər yanılırlar.

“Bu gün Azərbaycan Qərbin əsas qaz təchizatçılarından biridir və özlərinin adlandırdığı kimi, etibarlı tərəfdaşdır, müxtəlif layihələrə rəhbərlik edir, COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Avantürist qüvvələr də başa düşür ki, Azərbaycanın hər zaman yeganə tələbi 30 il kimi uzun müddət ərzində torpaqlarımızı işğalda saxlayan Ermənistanın bu əraziləri tərk etməsi və ərazi bütövlüyünü bərpa etmək olub. Məhz BMT TŞ-nin bu məsələ ilə əlaqədar qəbul olunmuş 4 qətnaməsini tanımayan və hər addımda təxribatlara yol verən Ermənistanın bu illər ərzində atdığı bütün addımlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Göstərdiyi qeyri-adekvat reaksiya, törədilən təxribatlar həm də bu qətnamələri qəbul edən ölkələrə göstərilən hörmətsizlik idi”, - deyən Adil Əliyev vurğulayıb ki, Azərbaycan öz ərazisində separatçı rejim və “boz zona” görmək istəmir, ölkəmiz təməl haqqı olan ərazi bütövlüyünü bərpa və suverenliyini bərqərar edib.

Milli Məclis sədrinin müavini sonda qeyd edib: “Bu gün aydın şəkildə başa düşülür ki, Ermənistanın həmin zaman üzərinə götürdüyü öhdəliklərdən imtina etməsinin arxasında duran gizli əl elə Fransa imiş. Həmin dövrdə gizli, bu gün isə aşkar dəstək verən Fransa heç bir vəchlə regionda sülhün sabitliyinə imkan vermir, Ermənistanı özündən asılı vəziyyətdə saxlayır”.

Oxunma sayı 66
Siyasət rubrikasından digər xəbərlər