Şəhərin yeni baş planı ilə əvvəlki şöhrətini bərpa etmək mümkün olacaq
Ötən həftə ölkə Prezidentinin iştirakı ilə Ağdam şəhərinin baş planı ictimaiyyətə təqdim olundu. Baş planda parklar, stadion, atçılıq mərkəzi, şəhərkənarı meşəliklər, aqrokomplekslər, ən müasir standartları özündə əks etdirən şəhər nəqliyyat sistemi, velosiped yolları ilə, ekoloji tələblərə cavab verən küçə və prospektlərin nəzərdə tutulması onu deməyə əsas verir ki, işğaldan azad olunan Ağdama tamamilə yeni nəfəs gələcək.
Qeyd edək ki, Ağdam rayonunun azadlığına qovuşması həm də yeni iqtisadi təşəbbüsləri özündə canlandırıb. Rayon ərazisi bitkiçilik və heyvandarlıq üzrə fermer təsərrüfatlarının və aqroparkların yaradılması, sənaye məhəlləsinin formalaşdırılması, müalicəvi və idman turizminin inkişafı istiqamətində geniş perspektivləri özündə əks etdirir. Mütəxəssislər Ağdam rayonunu ticarət mərkəzinin formalaşması üçün unikal perspektivə malik ərazi hesab edirlər. Topdan və pərakəndə ticarət məntəqələrinin fəaliyyətə başlaması ilə rayon əhalisinin geniş məşğulluğunu təmin etmək mümkündür. Habelə rayon ərazisi tikinti materiallarının istehsalı ilə əlaqədar keçmiş təcrübəyə malikdir. Şahbulaq yüksəkliyində yerləşən daş karxanasının işinin bərpa edilməsi ilə sözügedən sektorda canlanmanı bərpa etmək olar.
Məlumat üçün bildirək ki, Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayondur. Rayon ərazisinin 1 700 hektarı meşəlik, 91,3 hektar sahə isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir. Kənd təsərrüfatı əsas bitkiçilik məhsullarının istehsalında ilk yerdə tərəvəz – 103 ton, daha sonra dənli və dənli paxlalılar – 53 ton (o cümlədən buğda – 45 ton) və şəkər çuğunduru – 20 ton olmaqla qərarlaşıb (2018-ci il statistika məlumatlarına əsasən). Digər bitkiçilik məhsullarından isə pambıq, üzüm, meyvə və giləmeyvə, dən üçün günəbaxan, kartof və bostan məhsullarını göstərmək olar. Kənd təsərrüfatının heyvandarlıq məhsullarının istehsalında ət, süd, yumurta və yun məhsullarının payı geniş vüsət almış və xüsusilə isə süd məhsullarının üstünlüyü 36 ton olmaqla nəzərə çarpır (həmin ilin 1-i yanvar vəziyyətinə olan mal-qara və quşların sayı nəzərə alınmaqla).
Bundan əlavə, vaxtilə Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları və s. istehsal olunurdu. Ağdam rayonunda traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları emalı ilə bağlı müəssisələr var idi. Həmçinin 39 tikinti təşkilatı, 29 kənd təsərrüfatı müəssisəsi, 27 sənaye müəssisəsi, 13 kolxoz və 12 sovxoz, 4 ədəd də onlara xidmət edən təşkilatlar olub. Xüsusən də Ağdam Dəzgahqayırma zavodunda 950 nəfər çalışmış və bu zavodun məhsulları keçmiş SSRİ-nin 125 şəhərinə göndərilirdi. Rayonda iki dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət-xidməti kombinatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi müəssisəsi mövcud idi. Rayondakı Taxıl Məhsulları Kombinatı ildə 80 min ton məhsul istehsal edirdi və s. Yeni baş plana əsasən, yenidən qurulacaq Ağdam şəhərinin ərazisi də genişləndiriləcək. Bəzi kəndlərin ləğv edilərək şəhərə birləşdirilməsi isə Ağdamın daha da sürətli inkişafına təkan verəcək.
Ağdamın mövcud iqtisadi potensialı və gələcək perspektivlər barədə hafta.az-la fikirlərini bölüşən iqtisad elmləri doktoru, Azərbaycan İqtisad Universitetinin professoru Əli Əlirzayev bildirib ki, ümumilikdə Qarabağ zonasının həm turizm, həm də iqtisadi potensialı olduqca yüksəkdir: “İlk öncə qeyd edim ki, bu ərazilərin Azərbaycanın digər rayonlarına nisbətən turizm potensialı daha yüksək qiymətləndirilir. Ekoturizmin və kənd turizminin inkişafı üçün orada münbit şərait mövcuddur. Yəni Qarabağda tarixi, ekskursiya və idman turizminin inkişafı üçün hər cür şərait var: “Deyərdim ki, bütün turizm növləri üzrə potensial mövcuddur. Sovetlər dönəmində də belə idi. İndi həmin ərazilər yenidən qurulur. Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə ilk növbədə kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılmalıdır. Zəngin su ehtiyatları var. Eyni zamanda, torpağı da münbitdir. Bundan başqa əlverişli havası var. Cəbrayıl, Füzuli zonalarında pambıqçılıq və əkinçiliyin növləri sovetlər dönəmində çox yaxşı inkişaf etmişdi. Bu iki rayon Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək qabiliyyətindədir. Konkret Ağdama gəldikdə isə, oranın elə şərabını xatırlamaq bəsdir. İşğaldan əvvəl şərab zavodu var idi. Bütün SSRİ-də məşhur idi. “Ağdam” brendi yaradılmışdı. Həmin brendin əvvəlki şöhrətini yenidən bərpa etmək mümkündür. Vaxt var idi ki, ruslar Ağdamın şərablarını barmaqla axtarırdılar. Eyni zamanda Ağdam taxılçılıq və pambıqçılıq rayonu idi. Bunları inkişaf etdirmək lazımdır. Pambıq emalı zavodlarının tikintisi həm də yeni iş yerləri imkanı deməkdir. İşlə təmin olunduqdan sonra Azərbaycan vətəndaşları iş üçün Rusiyaya, başqa ölkələrə yox, Ağdama və ya işğaldan azad edilmiş digər bölgələrə üz tutacaqlar. Düşünürəm ki, Ağdamın yeni baş planı ilə əvvəlki şöhrətini bərpa etmək mümkün olacaq”.
Professor vurğulayıb ki, bu işdə yerli və xarici investorların fəal olması əsas şərtlərdən biridir: “Təbii ki, bunun üçün böyük kapital lazımdır. Dövlət başçısı da Ağdamın baş planının təqdimatı zamanı investorları Ağdama dəvət etdi. Yəni, birinci növbədə bu vəsaiti təmin etmək vacibdir. Eyni zamanda, xarici investorları cəlb etməliyik. Bütün bunların hamısını dövlət büdcəsi hesabına reallaşdırmaq mümkün deyil. Xaricdəki tanınmış azərbaycanlı milyonçuları, iş adamlarını Qarabağa investisiya yatırmağa təşviq etməliyik. Azad iqtisadi zonalar yaratmaq, onları gömrük və vergidən azad etmək olar. Bütün bunları həyata keçirmək üçün uyğun iqtisadi sistem formalaşdırılmalıdır. Hesab edirəm ki, zamanla bütün bunlar da öz həllini tapmış olacaq”.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar Bayramov isə deyib ki, Ağdamın torpaqlarının 92 faizdən çoxu məhsuldardır: “Bu aqrar sektorun inkişafına geniş imkanlar yaradır. Ağdamda kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sektorlarının inkişaf potensialı yüksəkdir. İşğaldan əvvəl rayonda istehsal edilən məhsullar keçmiş SSRİ-də brend olub. Məsələn, şərab məhsulları keçmiş SSRİ-də xüsusi müqayisəli üstünlüyə malik idi”.
Deputat qeyd edib ki, dövlət tərəfindən infrastruktur formalaşdıqdan sonra yalnız sənaye parkında deyil, digər istiqamətlərdə də investisiyaların cəlb edilməsi nəzərdə tutulur: “Ağdama yerli investisiya ilə yanaşı, xarici investisiyanın da cəlb edilməsi proqnozlaşdırılır. Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxili, bir qisminin xaricə ixrac edilməsi nəzərdə tutulur. Digər tərəfdən, Ağdamda yeni yaradılacaq sənaye parkında 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub ki, bu 333 iş yeri və 33 sahibkarın prosesə cəlb olunması anlamına gəlir. Sənaye parkında inşaat materialları, kənd təsərrüfatında emaledici məhsullar, o cümlədən şərab, gübrə məhsullarının istehsal edilməsi nəzərdə tutulur. Eləcə də burada xüsusi soyuducu anbar və xidmət sferası fəaliyyət göstərəcək. Sənaye parkı imkan verəcək ki, emaledici sahələr üzrə 33 sahibkar cəlb olunsun. Ağdamda yolların geniş olması, fərqli nəqliyyat növlərindən tramvay və digər xidmətlərindən istifadə edilməsi nəzərdə tutulur. Bu da vətəndaşların nəqliyyat xidmətlərinə əlçatanlığının artırılması və daha rahat, uyğun nəqliyyatın istifadəsi baxımından vacib hesab olunur. Bütövlükdə baş plana uyğun formalaşacaq nəqliyyat infrastrukturunda yalnız bu günün və yaxın illərin deyil, bütövlükdə gələcək tələblər nəzərə alınıb. Bundan başqa, rayonun təbiəti və tarixi abidələri turist cəlb etmək baxımından üstünlüyə malikdir. Ağdamda xüsusilə yay turizm imkanları genişdir. Ağdam istehsal olunan məhsulların bir qisminin Şimal-Cənub nəqliyyat dəhlizi ilə ixrac imkanına malik olacaq. Bu da Ağdamın qeyri-neft sektorunda ixracata xüsusi dəstəyindən xəbər verir”.
Onun fikrincə, işğaldan azad edilən rayonlarımızda bərpa, yenidənqurma və iqtisadiyyatın formalaşması Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək: “İlkin proqnozlara görə, işğaldan azad edilən ərazilərimiz aqrar sektorda əlavə 10 faizə yaxın dəyərin yaradılmasına imkan verəcək ki, bu da sənayedə və Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək”.