Azərbaycanın həyata keçirdiyi layihənin əsas özəlliyi ondan ibarətdir ki, bu işdə 4 qabaqcıl ölkənin təcrübəsindən istifadə olunur
Prezident İlham Əliyevin Zəngilan rayonuna son səfəri bir sıra mühüm məqamları ilə seçildi. Belə ki, dövlət başçısının iştirakı ilə işğaldan azad edilmiş Zəngilan rayonunda ilk “Ağıllı kənd” layihəsinin təməli qoyuldu. Təqdim olunan layihələr və səsləndirilən fikirlər işğaldan azad edilən ərazilərin bərpasının hansı formada həyata keçiriləcəyinə dair geniş təsəvvürlər yaratdı.
Bundan əlavə, ilk pilot layihənin Zəngilan rayonu ərazisində seçilməsi də təsadüfi deyil. Zəngilan həm Qarabağ, həm də Ermənistanla sərhəddədir ki, burada reallaşdırılacaq layihələr həmin ərazilərdə yaşayan ermənilər tərəfindən də aydın şəkildə görüləcək. «Ağıllı kənd» layihəsi onların Azərbaycan dövlətinin vətəndaşlarına hansı şəraiti yaratdığı, ölkəmizin iqtisadi gücü və maliyyə imkanları barədə təsəvvürlərinin formalaşması baxımından əyani sübut olacaq. Beləliklə, illər ərzində sadə ermənilər arasında aparılan antiazərbaycan təbliğatına da ciddi zərbə dəyəcək.
Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan bu layihəni özünəməxsus edən digər bir amil isə 4 qabaqcıl ölkənin təcrübəsinin bir layihədə cəmlənməsidir. Dünyada bəlkə də bu vaxta qədər belə bir təcrübə reallaşmayıb.
Kənd təsərrüfatı naziri İnam Kərimovun aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndində etdiyi təqdimatdan aydın olur ki, birinci “Ağıllı kənd” pilot layihəsi əsasən, 5 komponent üzrə icra ediləcək. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. “Ağıllı kənd təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir. “Ağıllı kənd” təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formalaşdırılacağını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in nə dərəcədə üstünlüklərə malik olduğunu göstərir.

Əli Əlirzayev, iqtisad elmləri doktoru, professor:
- Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” pilot layihəsindən gözləntilər böyükdür. Bu layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan ərazi təsadüfü seçilməyib. Biz bilirik ki, Zəngilan geosiyasi baxımından vacib ərazidə yerləşir, bir tərəfdən İranla, bir tərəfdən Ermənistanla sərhəddir və tranzit rolunu oynayır. Bu layihənin həyata keçirilməsi dünyaya da səs sala bilər.
Azərbaycan bu layihəni həyata keçirməklə həm də dünyada yenilik edir. Düzdür, “Ağıllı kənd” layihəsi çox ölkələrdə mövcuddur. Hər ölkənin də öz təcrübəsi var. Azərbaycanın həyata keçirdiyi layihənin əsas özəlliyi ondan ibarətdir ki, bu işdə 4 qabaqcıl ölkənin təcrübəsindən istifadə olunur. Yəni layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri iştirak edir. 200 evin tikintisi nəzərdə tutulan bir kənddə ən qabaqcıl təcrübələrin birləşməsi özü bir yenilikdir. Layihəyə əsasən, yeni kənddə insanların yaşaması, əmək fəaliyyəti ilə məşğul olması və asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılacaq.
Ermənistanla sərhədə yaxın bir ərazidə ən müasir səviyyədə quruculuq işlərinin aparılması həm də düşmən ölkəyə göz dağıdır. Bu kimi layihələr Azərbaycanın qüdrətli, yüksək iqtisadi imkanlara malik olduğunu bir daha təsdiqləyir. Yaxın illərdə nəinki Ermənistan, bütün dünya işğaldan azad olunmuş ərazilərimizi necə cənnətə döndərdiyimizin şahidi olacaq.
“Ağıllı kənd” sadə fermerə nə verəcək?
Bu gün bütün dünyada kənd təsərrüfatında artıq əl əməyindən istifadə minimuma enib, aqrar sektorda daha çox yeni texnologiyalardan istifadə olunur. Sahələrin dərmanlanması dronlar vasitəsilə həyata keçirilir, məhsul yığımı kompüterləşdirilmiş texnikalar vasitəsilə aparılır, su resurslarından qənaətlə istifadə üçün müasir suvarma sistemlərindən istifadə olunur. Ən əsası bütün bu proseslər bir mərkəzdən idarə edilir, texnologiyaların tətbiqi resurslara qənaət etməyə, xərcləri optimallaşdırmağa, gəlirləri artırmağa imkan verir. “Ağıllı kənd” layihəsi bərpa olunacaq kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin “ağıllı kənd təsərrüfatı” sisteminə inteqrasiyasında mühüm rol oynayacaq. “Ağıllı kənd” konsepsiyasına əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. “Ağıllı kənd” suvarma sistemindən tutmuş, torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu bir sistemdir, həm də ən qabaqcıl texnologiyalar və texnotransferlərin tətbiqini nəzərdə tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası “Ağıllı kənd”in konsepsiyasını tamamlayacaq.