Alimlərdən çağırış: Fransaya qurbağa idxalı dayandırılsın

10:35 11.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransada alimlər, həkimlər və heyvan hüquqları müdafiəçiləri qurbağa idxalına nəzarət qoyulmasını tələb ediblər.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Fransanın ətraf mühit qrupu “Robin des bois” və Almaniyanın vəhşi təbiəti mühafizə təşkilatı “Pro Wildlife” tərəfindən martın 6-da dərc olunan məktubda prezident Emmanuel Makron nəzarətsiz qurbağaların idxalını dayandırmağa çağırılıb.

Aralarında heyvan haqları müdafiəçiləri, baytarlar və tədqiqatçıların da olduğu 557 nəfərin imzaladığı məktubda, Avropa İttifaqının (Aİ) hər il 80-200 milyon qurbağa idxal etdiyi, böyük hissəsini isə Fransanın aldığı vurğulanıb.

Bildirilib ki, Aİ ildə orta hesabla 4070 ton qurbağa alır ki, bunun da ən azı 3 min tonu Fransanın payına düşür.

Məktubda sözügedən qurbağaların çoxunun Türkiyə, İndoneziya, Albaniya və Vyetnamdan gətirildiyi bildirilib.

Fəallar bildirdilər ki, elmdə Fejervarya cancrivora kimi tanınan xərçəng yeyən qurbağaların və düyü tarlası qurbağalarının (Fejervarya limnocharis) sayı azalmağa başlayıb. Mütəxəssislər qurbağaların ekosistem üçün vacib olduğunu vurğulayaraq, amfibiyaların sayı azaldıqca ağcaqanadların daha asan çoxalacağını və bunun da epidemiyalara səbəb ola biləcəyini bildiriblər.

“Pro Wildlife”dan Sandra Altherr, Fransanın Aİ qaydalarına əməl etmədiyini deyib: "Bu, gülünc vəziyyətdir. Avropada qurbağa populyasiyaları Aİ qanunları ilə qorunur. Bununla belə, Aİ qurbağaları təhdid etsə belə, milyonlarla heyvanın toplanmasına icazə verir və buna göz yumulur. Bu, Aİ-nin biomüxtəliflik strategiyası ilə heç də uyğun gəlmir".

Fəallar bildiriblər ki, Fransa hökuməti nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyaya (CITES) uyğun olaraq, qurbağa idxalının yaratdığı dağıntıları dayandırmalıdır.

1975-ci ildə İsveçrədə yerləşən Beynəlxalq Təbiəti və Təbii Sərvətləri Mühafizə Birliyinin (IUCN) rəhbərliyi ilə imzalanan CITES 1996-cı ildə Türkiyədə qüvvəyə minib.

Fransız mətbəxində məşhur olan qurbağa ayaqları yeməyi (cuisses de grenouille) qurbağaların sarımsaq və ya cəfəri ilə qızardılması ilə hazırlanır.