Almaniyada ilk dəfə suriyalı mühacir bələdiyyə sədri seçilib

10:30 04.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Suriyadakı müharibədən qaçaraq 2015-ci ildə Almaniyaya mühacirət edən 29 yaşlı Riyan əl-Şebl ölkənin cənub-qərbində yerləşən Ostelşaym şəhərinin bələdiyyə sədri olub.

Hafta.az-ın "Die Welt"ə istinadən yazdığına görə, Almaniyaya gəldikdən 8 il sonra bələdiyyə sədri olmağı bacaran suriyalı qaçqın 2500 nəfər əhalisi olan Ostelşaymda etibarlı səslərin 55,41 faizini toplaya bilib.

Alman mətbuatında çıxan xəbərlərdə Əl-Şeblin Yaşıllar Partiyasının üzvü olduğu, lakin müstəqil namizəd kimi seçkilərə qatıldığı bildirilib.

Müstəqil rəqibləri Marko Strauss və Mathayas Feyi məğlub etməyi bacaran Əl-Şebl, seçki kampaniyası zamanı təcrübələrinin "çox müsbət" olduğunu söyləyib.

Qeyd edək ki, 2015-ci ildə əhalisinin əksəriyyətini druzların təşkil etdiyi Suriyanın cənubundakı Suveyda şəhərini 21 yaşında tərk edən Riyan əl-Şebl Almaniyaya gəldikdən sonra 7 il Althengstett Bələdiyyəsində çalışıb. O, bələdiyyə sədri seçildikdən sonra yaxınlıqdakı Ostelşaym şəhərinə köçəcəyini bildirib. Əl-Şeblın mandatı iyunun 18-də başlayacaq və 8 il davam edəcək.

Alman mediası 29 yaşlı Əl-Şeblin Almaniyanın cənub-qərbinin ilk suriyalı bələdiyyə başçısı olduğuna diqqət çəkib. Ostelşaymın bağlı olduğu Baden-Vürtemberq əyalətinin bələdiyyə məclisindən verilən məlumata görə, indiyədək bölgədə başqa suriyalı namizədin ortaya çıxmadığı bildirilib.

2015-ci ildə Angela Merkel hökuməti Suriyadakı müharibədən qaçan qaçqınlar üçün açıq qapı siyasəti həyata keçirdi və on minlərlə qaçqın Almaniyaya sığındı.

Almaniyada vətəndaşlıq əldə etmək üçün ölkədə ən azı 8 il yaşamaq lazım olsa da, Suriyalıların əksəriyyəti sıx inteqrasiya səyləri, güclü alman biliyi və öhdəliyi sayəsində daha erkən dövrdə vətəndaşlıq hüququ qazanıb.

Məlumdur ki, suriyalı qaçqınlar orta hesabla 6,5 ​​il ərzində Almaniya pasportu əldə edirlər.
2021-ci ilin mart rəqəmlərinə görə, Almaniyada təxminən 800 min suriyalı var. Bu rəqəm suriyalıları Almaniyada türklər və polyaklardan sonra üçüncü ən böyük xarici icma edir.
Almaniyadakı Suriya əhalisinin əksəriyyəti 2010-cu ildən sonra bu ölkəyə köçmüş insanlardan ibarətdir.