Rusiyanın Leninqrad vilayətində İkinci Dünya Müharibəsində faşistlər tərəfindən soyqırımına məruz qalmış dinc sovet sakinlərinin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib. Mərasimdə Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko iştirak ediblər.
Hafta.az-ın yazdığına görə, Putin buradakı çıxışında sovet ordusunun 1944-cü il yanvarın 27-də Leninqrad mühasirəsini aradan qaldırdığını bildirib. Leninqradın mühasirəsinin qəddarlıq baxımından görünməmiş bir hadisə olduğunu vurğulayan Putin deyib: “Bir milyondan çox Leninqrad sakini soyuq, aclıq və sonsuz hücumların qurbanı oldu. Bu məlumatlar tarixçi və alimlərin apardıqları araşdırmalar nəticəsində üzə çıxıb və məhkəmədə sənədlərlə sübuta yetirilib. Nasistlərin ölkəmizin mülki əhalisinə qarşı müharibəsi zamanı törətdikləri digər cinayətlərin araşdırılması istiqamətində səylər davam etdiriləcək”.
Bəzi ölkələrdə tarixin yenidən yazıldığını, dəyişdirildiyini və nasist ideologiyasının mənimsənilərək üsullarının həyata keçirildiyini bildirən Putin, bunun Ukraynada da baş verdiyini bildirib.
Hücumlarda mülki şəxslərin ölməyə davam etdiyinə diqqət çəkən Putin, "Nasizmi dayandırmaq və tamamilə məhv etmək üçün əlimizdən gələni edəcəyik" deyib.