"Evdə doğuş halları artıb və təəssüf ki, bu məsələlər gizlədilir”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qurumun 2022-ci il üçün illik məlumatının müzakirəsində deyib. Onun sözlərinə görə, bu kimi hallarla bağlı aidiyyəti qurumlara məlumat verilmir: "Bu o demək deyil ki, bununla mübarizə aparmırıq. Bu istiqamətdə daim lazımi addımlar atılır".
Bəs, görəsən, evdə doğuş hallarının artması hansı səbəbdən qaynaqlanır? Bunun hansı riskləri mövcuddur?
Məsələ ilə bağlı cərrah mama-ginekoloq Fəxranə Hüseynzadə bizimlə söhbətində deyib ki, əslində, əvvəlki illərlə müqayisədə hazırda evdə doğuşa nadir hallarda rast gəlinir: “Düzdür, bu statistikanın necə ortaya çıxdığı barədə bir fikrim yoxdur. Müşahidələrimə əsasən deyə bilərəm ki, indi qadınlar hamiləlik dövründə hansı addımlar atmaları barədə daha məlumatlıdırlar. Bu gün mənim xəstələrim arasında ən ucqar rayonların, kəndlərin sakinləri var. Eyni zamanda, ölkədə icbari tibbi sığorta tətbiq olunur. Və hamilələr heç bir ödəniş etmədən tibbi sığortanın yaratdığı imkanlardan faydalanırlar. O ki qaldı evdə doğuşun fəsadlarına, qadınlar bilməlidirlər ki, həm ananın özü, həm də doğulacaq körpə risk altındadır. Məsələn, anada qanaxmalar başlaya bilər, qanaxmadan ölüm hadisələri ola bilər, körpənin həyatı üçün təhlükə yaranar və s. Elə vəziyyət yaranar ki, körpəyə yerində yardım göstərmək ehtiyacı yaranar. Bəs belə olduqda körpəyə və ya anaya kim, necə yardım göstərəcək? Əgər mama-akuşerka evdə doğuşa yardım üçün çağırılıbsa, dərhal təcili yardıma müraciət etməlidir. Ana təcili şəkildə xəstəxanaya çatdırılmalıdır. Deyim ki, artıq mama-akuşerkalar da bu məsuliyyəti öz üzərlərinə götürmürlər, evdə doğuşdan ehtiyatlanırlar. Digər tərəfdən, indi qadınların çoxu qeysəriyyə əməliyyatına daha çox üstünlük verirlər. Yəni, təbii doğuşa da girmək istəmirlər. Əgər qeyd edildiyi kimi, evdə doğuş halları müşahidə olunursa, bu istiqamətdə qadınların mütləq maariflənməsi lazımdır”.