Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana təhvil verilib - Sahibə Qafarova

12:32 05.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“2024–2025-ci illər üçün Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana təhvil verilib. Bu hadisə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xəttinin növbəti uğuru kimi dəyərləndirilməlidir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova çıxışı zamanı bildirib.
S.Qafarova fevralın 20-dən 24-dək Milli Məclisin Asiya Parlament Assambleyasının tədbirlərinə ev sahibliyi etdiyini qeyd edib, diqqəti qurumun fəaliyyətinə çəkib.

“Asiya Parlament Assambleyası 2006-cı ildə yaradılmışdır və öz sıralarında 43 üzv parlamenti və 31 müşahidəçini birləşdirir. Assambleyanın İcra Şurasının iclasında və 14-cü plenar sessiyasında iştirak etmək üçün 26 ölkənin və 9 beynəlxalq təşkilatın 300 nəfər təmsilçisi, o cümlədən 9 nəfər parlament sədri və 5 nəfər sədr müavini Bakıya gəlmişdilər”.

S.Qafarova sessiyada “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda müzakirələrin aparıldığını, sonda Bakı Bəyannaməsinin qəbul edildiyini bildirib.

Spiker təşkilatın 14-cü plenar sessiyasının ölkəmiz üçün mühüm yekunlarına toxunub.

Sessiya çərçivəsində bir sıra mühüm ikitərəfli görüşlərin keçirildiyini deyən S.Qafarova, o cümlədən bir neçə beynəlxalq parlament təşkilatının - Türkiyə, Tacikistan, İraq, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Tailand, Maldiv və Şri-Lanka parlamentlərinin sədrləri ilə keçirdiyi görüşlərə diqqət çəkib.