Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli mövqeyi ortadadır. Azərbaycan torpaqlarının işğalını və uzun illər pozulan insan hüquqlarını görməzdən gələn AŞPA-nın yenidən guya “insan haqları”, “seçkilərə AŞPA-nın dəvət olunmaması” kimi bəhanələrlə ölkəmizi hədəfə alması birmənalı qarşılanmır. Bu proseslər həm də bir çox mətləblərdən xəbər verir. Bu istiqamətdə “Həftə içi”nə danışan Azərbaycanın siyasi ekspertləri AŞPA-nın simasızlığının arxasında dayanan maraqları və eybəcərliyi üzə çıxarıblar.
Politoloq Qabil Hüseynli hesab edir ki, AŞPA-nın bütün iddiaları “barmaqdan sorulmuş” yalandan başqa bir şey deyil. O, bəyan edib ki, AŞPA özünü tamamilə qərəzli aparır və tərkibinə daxil olan ölkələrdə tək seçkilər, insan haqları ilə bağlı deyil, bütün məsələlərə müdaxilə edir:
“Buna baxmayaraq, dövlətlər müstəqildir və onlar öz müstəqilliklərini qorumaq üçün hər cür səylər göstərirlər. AŞPA-nın müsəlman, türkdilli dövlətlərə basqısı, orada qarşıdurmalar yaratmağa çalışması, dövlətlərə müxtəlif böhtanlar yağdırması ənənəvi metodlara çevrilib. AŞPA-nın necə işlədiyi hər kəsə məlumdur. AŞPA deputatları bu və digər məsələlərin müzakirəsi zamanı kimlərdənsə hədiyyə, nəqd paralar almaqla gündəm yaradıblar. AŞPA-nın bir çox ölkələrlə bağlı rüşvət alması faktlarının üstü açılıb, böyük qalmaqallara səbəb olub. Sirr deyil ki, AŞPA dövlətləri Azərbaycandan da maddi maraqlar güdüblər. Onların rüşvət almaları barədə Azərbaycanda kifayət qədər fakt var və istənilən zaman ictimailəşdirilə bilər. Ölkəmiz xristian Ermənistanı darmadağın edəndən, özünün ərazi bütövlüyünə nail olduqdan sonra, xristian həmrəyliyi təəssübkeşliyi meydan sulamağa başladı. İndiki vəziyyətə baxanda X əsrin əvvəllərində bir-birinin ardınca müsəlmanlara qarşı yönələn xaç müharibələri yada düşür. AŞPA deputatları səlib yürüşünə bənzər ideologiya ilə silahlanaraq, Azərbaycanın üzərinə gəldi, Azərbaycanı təşkilatda təkləməyə çalışdılar və buna nail oldular”.
Q.Hüseynli qeyd edir ki, AŞPA xristian təəssübkeşliyi ilə hərəkət edən, təşkilatı xristian klubuna çevriməyə çalışan şəxslərin sözləri ilə hərəkət edib. O, AŞPA deputatlarının guya Qarabağ ermənilərinin etnik zorakılığa, təmizləməyə məruz qalması ilə bağlı fikirlərini absurd, həyasızlığın son nöqtəsi adlandırıb:
“Onlar Azərbaycanın 30 il müddətində işğala məruz qalmasını bir andaca unutdular və hər bir haqsızlığın yalnız Azərbaycan tərəfindən Ermənistana qarşı yönəldiyini iddia etdilər. Hansı ki, onların bir çoxu işğaldan azad olunmuş ərazilərə səfərlər etmiş, Ağdamı Azərbaycanın Naqasakisi, Füzulini isə Xirosiması adlandırmışdılar. Bölgədəki yağmalamadan, təbiətə qarşı olan soyqırımından dəhşətə gəlmişdilər. Otuzillik erməni təcavüzünün Azərbaycanın 20 faiz torpağında necə dağıntılara məruz qoyduğunu öz gözləri ilə görmüşdülər. Yaxşı ki, bu ərazilərdə çoxminli minalara rastlaşmamışdılar. Azərbaycan bu səfərləri təşkil edərkən onları ciddi şəkildə qoruyurdu. Azərbaycan həmin minalardan əziyyət çəkir. Bu gün də Ermənistanda istehsal olunmuş minaları öz torpaqlarından axıra qədər təmizləyə bilməmişik. Yəqin ki, bu, uzun illər davam edəcək. Azərbaycan bu müharibədə 30 mindən çox adam itirib. Bir milyondan çox insan etnik zorakılığa, təmizlənməyə məruz qalıb. İndi bunlar ermənilərin öz xoşlarına ərazilərdən çıxmasını özləri üçün müzakirə predmetinə, dərdə çeviriblər. AŞPA-da edilən bu hərəkətlər onun adına qara ləkə kimi tarixə yazılacaqdır. Bu təşkilatın insani, demokratik dəyərlərdən necə uzaq olduğundan dönə-dönə danışacaqlar. AŞPA ciddi səhv etdi, özünün ən əhəmiyyətli üzvünü itirdi və dünya miqyasında rüsvay oldu”.
Politoloq Rəşad Bayramov bildirir ki, AŞPA-nın və digər Avropa qurumlarının Azərbaycana qarşı qərəzli ittihamları, ayrı-ayrı vaxtlarda qəbul etdiyi qətnamə və bəyanatların arxasında bu qurumu öz monopoliyası altına almış Fransanın, Almaniyanın təşəbbüsləri dayanır. Onun fikrincə, bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinin uzadılması, Ermənistanı şirnikləşdirmək, silahlandırmaq, revanşist addımlar atmaq üçün vaxt qazanmağa hesablanıb.
Politoloq eyni zamanda qeyd edir ki, AŞPA Laçın yolu və Qarabağda monitorinq keçirmək üçün bir neçə dəfə cəhdlər etdi və qarşısı haqlı olaraq alındı: “Bu qrup Ermənistandan gəlib Qarabağda olan ermənilərin hüquq və təhlükəsziliyi məsələsni əsas götürərək bu və ya digər qərarlar qəbul etmək istəyirdi. İkincisi, Azərbaycan istər Laçın yolunda, istər Qarabağda antiterror əməliyyatlarından sonra ermənilərin ərazilərimizi tərk etməsi, silah-sursatın təhvil verilməsi, qeyri-qanuni hərbi birləşmələrin özünü buraxması və digər proseslərin monitorinqi üçün BMT-yə müraciət etmişdi. Faktaraşdırıcı missiya bütün bu proseslərə nəzarət etmişdi. Yəni BMT daha üst ali orqan olaraq onsuz da bu məsələnin monitorinqini keçirib müvafiq hesabatlar hazırlamışdı. Bura əlavə olaraq, AŞPA kimi digər qurumların da gəlib monitorinq aparması mənasız idi. BMT-nin müvafiq hesabatı var idi və onu əsas götürərək, Avropa Şurası müvafiq qərarlar qəbul edə bilərdi. Müvafiq tələblər şəklində özlərinin iştirakını tələb etmələrinin arxasında məkrli niyyətlər dayandığı üçün Azərbaycan haqlı olaraq buna imkan vermədi”.
Politoloq qeyd edir ki, Azərbaycan 30 il ərzində dəfələrlə beynəlxalq qurumlara, o cümlədən AŞPA-ya işğal olunmuş ərazilərimizdə ekoloji fəlakət, dini, mədəni abidələrimizin dağıdılmasına görə monitorinqin aparılması ilə bağlı dəvətlər göndərmişdi: “Bu dəvətlərin heç biri AŞPA tərəfindən dəyərləndirilməyib və bu monitorinqlər 30 il ərzində keçirilməyib. İndi söhbət Ermənistanın, hansısa erməninin maraqlarına gəlib-çatanda orada monitorinq aparmaq fikrinə düşürlər. Azərbaycan da haqlı olaraq buna icazə vermədi”.
R.Bayramov hesab edir ki, hər bir ölkənin öz ərazisində keçirilən seçkilərə hər hansı beynəlxalq qrupu müşahidə aparmağa dəvət etməsi həmin ölkənin müstəsna səlahiyyətidir:
“Əgər AŞPA-nı dəvət etməmişiksə, bu o demək deyil ki, Azərbaycan müşahidəçilikdən imtina edib. Azərbaycan ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna müşahidə aparmaları üçün müraciət edib və həmin missiyanın qısa və uzunmüddətli müşahidəçiləri seçkiləri müşahidə etmək üçün burada fəaliyyət göstərirlər. Ümumilikdə, 45 ölkədən 800-dən artıq müşahidəçi artıq MSK-da qeydə alınıb. Odur ki, Azərbaycanın mütləq şəkildə AŞPA-nı seçkilərə dəvət etməklə bağlı hər hansı öhtəliyi yoxdur”.
Siyasi ekspert Aydın Quliyev bildirir ki, AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnamə və apardığı siyasət Avropanın ölkəmizə qarşı sərgilədiyi qərəzin tərkib hissəsidir. O, hesab edir ki, AŞPA-nın apardığı siyasət, Avropa Parlamentinin, ATƏT-in Minsk qrupunun və digər demokratik təsisatların Azərbaycana qarşı münasibətindən heç nə ilə fərqlənmir:
“Bütün Avropa strukturlarının Azərbaycana qarşı siyasəti eyni mənbədən və eyni motivlə idarə olunur. AŞPA-nın apardığı siyasətdə müxtəlif dövlətlərin siyasətinə təzyiq elementi aşkar görünür. Bu, əslində, Fransa, Almaniya, ABŞ-ın Azərbaycana münasibətdə ortaya qoyduqları siyasətdir. Digər tərəfdən, Avropa Şurası və onun Parlament Assambleyası kimi qurumun amorf təşkilata çevrildiyinin əyani sübutudur. AŞPA-nın belə qərar və qətnamələr qəbul etməsi onun ana prinsiplərinə xəyanəti deməkdir. Əslində, AŞPA 60 ildən çox müddət ərzində dünyaya təlqin etmək istədiyi dəyərlərdən uzaq düşdüyünü və bu dəyərlərə xəyanət etdiyini aydın nümayiş etdirir”.
A.Quliyev qeyd edir ki, özünü insan hüquqlarının müdafiəçisi kimi göstərən AŞPA, Azərbaycana münasibətdə iyrənc, məkirli niyyətini ortaya qoydu. Məsələ belə olsaydı, o zaman AŞPA 30 il müddətində öz yurdlarından qovulmuş, hüquqları pozulmuş 1 milyondan çox azərbaycanlının müdafiəsi üçün nəsə edərdi:
“Nəinki çalışmadı, üstəlik, mübahisə mövzusu olanda “Avropa institutları münaqişələrlə məşğul olmurlar, ancaq insan haqları ilə məşğul olurlar” deyə, gülünc arqument ortaya qoydu. 2023-cü ildə AŞPA Azərbaycana qarşı bir neçə qərar və qətnamə qəbul etmişdi. Bu qərar və qətnamələr məhz erməni lobbisinin, erməni dövlətinin AŞPA-nın daxilində apardıqları qeyri-şəffaf fəaliyyətin nəticəsi idi. Məsələn, beynəlxalq ədalət məhkəməsi Laçın yolunda Azərbaycanın suveren hüquqlarını təsdiq etdiyi halda, AŞPA Laçın yolunda Azərbaycan təhlükəsiz və stabil daşınmalara şərait yaratmadığına görə fiksə edib, qərar qəbul etmişdi. AŞPA elə bir qərar qəbul etmişdi ki, guya Azərbaycanın keçirdiyi hərbi əməliyyatlar nəticəsində Qarabağdakı ermənilər etnik təmizlənməyə məruz qalıblar. Halbuki, AŞPA-dan çox böyük olan BMT missiyası keçmiş Dağlıq Qarabağ ərazisində monitorinq apararaq, ermənilərin orada etnik təmizlənməyə məruz qaldığını göstərən bir dənə də faktın olması qənaətinə gəlməmişdilər. Bütün bunlar AŞPA-nın özünün ana prinsipinə xəyanətkar davrandığını açıq göstərdi. AŞPA-nın belə qətnamələrindən narahat olmağa dəyməz”.
Siyasi ekspert Təyyar Yəhyayev qeyd edir ki, AŞPA Avropa Şurasının parlament qoludur və 46 dövlətdən ibarət beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədinin insan hüquqları, demokratiya, qanunun aliliyi ilə məşğul olacağını deyən ekspert Azərbaycanla Avropa Şurasının əməkdaşlıq tarixçəsinə diqqət çəkib:
“Assambleya ilk iclasını 1949-cu il 10 avqustda Strasburqda keçrib və bununla da qədim assambleya kimi tarixə düşüb. Azərbaycan müstəqillik qazandıqdan sonra daim beynəlxalq təşkilatlara üzv olmaq haqqında düşünüb.
1992-ci ildə Azərbaycan parlamenti xüsusi dəvət olunmuş qonaq statusu almaq üçün Avropa Şurasına müraciət edib.
Dörd ildən sonra, 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Avropa komissiyasına üzv qəbul olunub. Eyni zamanda, iyunun 28-də Avropa Şurası Azərbaycanın xüsusi dəvət statusu verilməsi ilə bağlı qərar qəbul edib.
1997-ci il oktyabrın 10-11-də ovaxtkı Azərbaycan Prezidenti mərhum Heydər Əliyev Avropa Şurasının Starsburqda keçirilən I Zirvə toplantısında iştirak edib. Həmin toplantıda Azərbaycanda demokratik prosesin gedişi, bir sıra əlaqələr haqqında, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycanın mövqeyini açıqlayır.
Azərbaycan1999-2000-ci illərdə Avropa Şurası ilə əməkdaşlığını davam etdirib. Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın tamhüquqlu üzv olunması ilə bağlı qərar qəbul olunur. Qurumun binası qarşısında dövlətimizin bayrağı ucaldılır.
2003-cü il yanvarın 27-də Avropa Şurası Parlament Assambleyası bürosunun iclasında Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti seçilir”.
T.Yəhyayev bu faktlara istinad edərək, Azərbaycanın müstəqillik qazandığı ilk illərdən AŞPA-nın regionda gedən prosesləri, eyni zamanda ermənilərin təcavüzkar siyasətini, əzəli torpaqlarımızın işğalını gördüyünü, bildiyini önə çəkib: “Azərbaycan Avropa Şurasına üzv olandan sonra dəfələrlə eyni məsələni qaldırıb. Avropa Şurası reaksiya verib Ermənistanı təcavüzkar ölkə kimi tanımayıb. Əgər Avropa Şurası demokratik hüquqları qoruyan təşkilatdırsa, nəyə görə 30 ildən artıq bir müddət ərzində susdu? Özünün yazdığı qanunlara riayət etmirsə, ikilistandartlarla işləyirsə, bu cür beynəlxalq təşkilatların Azərbaycana müsbət təsiri yoxdur. Biz qəti şəkildə deyə bilərik ki, AŞPA bizə qarşı olan haqsızlıqları görməyibsə, deməli, kordur. Əgər Qarabağda gedən prosesləri eşitməyibsə kardır, laldır. Belə bir təşkilata Azərbaycann üzv olmaması o qədər də önəm kəsb etməməlidir”.
Ekspert qeyd edir ki, Avropa Şurası ötən il Azərbaycanın erməniləri blokadada saxlaması, humanitar fəlakət olması ilə bağlı qərar qəbul etmək istədi: “Laçın dəhlizi bütün humanitar məqsədlər üçün açıq idi və Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdi ki, Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlara da diqqət, qayğı olacaq. Fransanın, ABŞ-ın erməni vətəndaşının Qarabağa gəlməsi qeyri-mümkündür. Bura Azərbaycan ərazisidir və bura yalnız Azərbaycan qanunları çərçivəsində səfər edə bilərlər. Sentyabrın 19-da keçirilən antiterror əməliyyatı nəticəsində bütün ərazilər – Xankəndi, Xocavənd, Ağdərə, Xocalı öz suverenliyini, ərazi bütövlüyünü təmin elədi və Azərbaycan bayrağı işğaldan azad olunmuş bütün ərazilərdə dalğalanmağa başladı. Bu, Qərbi daha çox qıcıqlandırmağa başladı. Qərbə güclü Azərbaycan lazım deyildi. Bütün iclaslarda çıxış edən deputatlar bunu tam büruzə verdilər. Otuz min azərbaycanlı Qarabağ döyüşləri zamanı öldürüldü. AŞPA-da onlara hansı zülmlərin verilməsi ilə bağlı bir kəlmə belə danışmadılar. Öz xoşu ilə köçən müəyyən qism ermənilərin hüquqlarını qorumağa qalxdılar. Kim onların hüquqlarını pozub, kim onları qovub?! Biz AŞPA-nın demokratiya, insan haqlarını qoruyan qurum olmasına şübhə ilə yanaşırıq. Belə bir qurumun ədalətli qərar qəbul etməsini də gözləmirik”.
T.Yəhyayev AŞPA-nın Azərbaycanda seçkilərə dəvətsiz qalması narahatlığına da diqqət çəkib:
“Biz AŞPA-nı niyə dəvət etməliyik? Bu təşkilat 30 il Azərbaycanın işğalda olmasını görməyibsə, yəqin ki, seçkilərin demokratikliyini də görməyəcək. Əgər heç vaxt Azərbaycan əsgəri tərəfindən dinc ermənilərə qarşı heç bir güc tətbiq edilməməsini görməyib erməniləri blokadada saxlamaq və yaxud onları doğma yerlərindən didərgin salmaq kimi iddialar irəi sürürlərsə, kim zəmanət verir ki, seçkilərdə müşahidəçi kimi iştirak edən zaman bu cür ikili standartları dilə gətirməyəcəklər. Azərbaycan AŞPA-nı bu formatda ölkəmizdə keçirilən seçkilərə müşahidəçi qismində dəvət etməməklə düzgün qərar vermişdir. Əgər AŞPA bundan sonra insan hüquqlarının qorunması, demokratiyanın aliliyini təmin edərsə, irqi, dini ayrı-seçkiliyə yol verməsə, ikili standartlara son qoyarsa, Azərbaycan o quruma tam hüquqlu üzv kimi qəbul olunmaq haqqında düşünə bilər”.