Avropa İttifaqı Qarabağdan danışmaq istəmir – Rəy

16:14 11.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Ermənistan müxalifəti və Qarabağdakı separatçılar Brüssel görüşü ilə bağlı dəyərləndirmə apararkən qeyd ediblər ki, baş nazir Nikol Paşinyan Qarabağın taleyinə biganədir, yaxud Avropa İttifaqı Rusiyanı Qarabağdan sıxışdırmaq istəyir. Eləcə də ortaq bəyanatda “Dağlıq Qarabağın” və “Minsk Qrupunun” xatırlanmaması ermənilərin zərərinə işləyəcək məsələ kimi önə çəkilir.

Politoloq Elxan Şahinoğlu hafta.az-a Nikol Paşinyanın hökumətin iclasında Brüsseldə Fərrux kəndi və yüksəkliyin “itirilməsi”ndən danışmaması ilə bağlı göstərdiyi səbəbə diqqət çəkib.

“Paşinyan deyib ki, bu məsələnin Avropa İttifaqına dəxli yoxdur, orada rusiyalı hərbçilər olduğuna görə problemin həlli də Moskva ilə müzakirə edilməlidir. Paşinyan Fərruxla bağlı Rusiyanın ünvanına daş atmağı da unutmayıb. Paşinyan “Fərruxun yenidən nəzarətə götürülməsi üçün Rusiya hərbçilərdən qəti addımlar gözləyirik” -deyib. Hərbçilərin fəaliyyətinin araşdırılması məqsədilə Rusiya prezidenti Vladimir Putinlə bir neçə telefon danışığının olduğunu deyib”. 

Politoloq bildirib ki, əslində, Paşinyana, ona müxalifət olanlara, separatçılara da aydındır ki, Fərruxu da itiriblər, Minsk Qrupu da arxivə göndərilib, Avropa İttifaqı da Qarabağdan deyil, Azərbaycanla Ermənistan arasındakı məsələrin həllindən danışmaq istəyir. Qarabağ separatçılarının “bölgə Rusiyaya birləşdirilsin” kimi cəfəng ideyalarına gəlincə, E.Şahinoğlu ermənilərin yəqin Donbas, Abxaziya və Cənubi Osetiyanın yolunu getmək istədiklərini qeyd edib.

“Ancaq xəritəyə baxsalar anlamırlar ki, Donbas, Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq Qarabağın Rusiya ilə sərhədi yoxdur, bu “birləşməni” necə təsəvvür edirlər? Sadəcə bununla Rusiyaya mesaj göndərirlər ki, “qulunuz olmağa hazırıq, yetər ki, Azərbaycanı dayandırın”.