Aydın Quliyev: "Təyyarə cinayətinin arxasında konkret şəxslər var”

11:51 27.12.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiyanın dövlət olaraq Azərbaycandan qisas almasına və ya onu cəzalandırmasına heç bir motiv yoxdur. Çox sayda insanın faciəsi ilə nəticələnmiş təyyarə qəzasını dövlət tərəfindən düşünülmüş cinayət saymaq düz olmaz. Lakin Rusiyanın regional aviasiya idarəçiliyində konkret cinayətə yol vermiş məmurlar var. Azərbaycandan dövlət səviyyəsində üzr istənilməli, məsuliyyətsizlikdən və ya səhlənkarlıqdan olmasından asılı olmayaraq cinayətə yol vermiş məmurlar da cəzalarını almalıdır”.

Bunu hafta.az-a siyasi şərhçi Aydın Quliyev bildirib.

A.Quliyev bu hadisə ilə bağlı açıq qalan suallara diqqət çəkib.

“Qroznı aeroportunda  düşmən dronlarına qarşı REM və "PANTSİR" sistemləri ilə əməliyyat aparılırsa, Qroznının hava məkanı mülki təyyarələr üçün niyə bağlanmayıb? Bəlkə bunu qəsdlə ediblər ki, Azərbaycan təyyarəsinin fəlakətə salınması ilə Rusiya- Azərbaycan münasibətləri gərginləşsin? Bəlkə işdə erməni barmağı da var?

Artıq şübhə yoxdur ki, təyyarə Aktauda yerə çırpılana kimi dəlik-deşik olunmuşdu. Təyyarəni Aktauya yönəltmək təsadüf idimi? Cinayəti idarə edənlərin hədəfi onun qəzalı vəziyyətdə hansı şəhərə göndərilməsi yox, məhz dənizin üstündən uçurdulması idi. Dənizə düşməli idi - hesab bu idi. Cinayəti planlayanların qəsdi heç kimin sağ qalmaması idi...

Bax Qroznıda uçuşu idarə edən yerli aviasiya personalının ən böyük cinayəti budur. Onların səhlənkarlığı üzündən baş vermiş cinayətin son akkordunu tam düşünülmüş şəkildə tamamlamaq istədilər.”