"Bir az özümə gələ bildim"

13:02 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xanəndə Aytən Məhərrəmova qəbul etdiyi dərmanlardan sonra səhhətinin qəfil pisləşdiyini açıqlayıb. Onun sözlərinə görə, vəziyyəti ağırlaşdıqdan sonra təcili tibbi yardım çağırılsa da, əraziyə girişin çətin olması səbəbindən briqadanın hadisə yerinə vaxtında çatması mümkün olmayıb. Daha sonra qonşuların köməyi ilə şəxsi avtomobillə yola çıxaraq təcili yardım əməkdaşları ilə görüşüblər.

Hafta.az xəbər verir ki, Aytən Məhərrəmova bildirib ki, həmin vaxt Şəkidən qonaq çağırdığı tanışlarından birinin tibb bacısı olması onun həyatını xilas edib. Xanəndənin sözlərinə görə, tibb bacısının üzərində şok əleyhinə ampula olub və dərhal müdaxilə edilib.

İfaçı qeyd edib ki, həmin ampula olmasaydı, xəstəxanaya və ya təcili yardım briqadasına çatmağın mümkün olub-olmayacağını bilmir. O, vəziyyətinin tamaşada ifa etdikdən sonra pisləşdiyini də əlavə edib.

Xanəndə yaşadığı hadisəni həyatında ikinci dəfə ölüm təhlükəsi ilə üz-üzə qalması kimi dəyərləndirib və ona yardım edən tibb bacısı Elnarəyə xüsusi təşəkkürünü bildirib.

"Təcili yardım çağırdıq, gələ bilmədi. Ora yol yox idi, çıxa bilməyəcəkdi. Qonşulardan birini tapdılar, mənim maşınımı sürdü. Təcili yardımla rastlaşıblar, məni o maşına mindirdilər. Bir az özümə gələ bildim.

Təsadüfən Şəkidən dostlarımı çağırmışdım ki, gəlsinlər. Onlardan biri də tibb bacısı idi. Yaxşı ki, üstündə şok əleyhinə dərman vardı. Bir ampula üstündə olub. O ampula olmasaydı, mən nə təcili yardıma çatardım...

"Tamaşalı"nı oxuyandan sonra pisləşmişdim. Allah heç kimə göstərməsin. Həmin tarix mənim ikinci dəfə həyata dönüşüm oldu. Bizdə olan tibb bacısı Elnarəyə salam göndərirəm. Göydə Allah, yerdə o mənim həyatımı xilas etdi. İnsanlara deyirəm ki, mənim kimi bilgisiz şəkildə B qrupu vitamini vurdurmasınlar. Mənim əvvəl aldığım sistemin tərkibində onun əvəzedicisi kimi vermişdilər mənə".

Aytən Məhərrəmova eyni zamanda insanlara xəbərdarlıq edərək, həkim məsləhəti olmadan müxtəlif vitamin və preparatlardan istifadə etməməyi tövsiyə edib. Onun sözlərinə görə, problem daha əvvəl qəbul etdiyi sistemin tərkibində verilən B qrupu vitamini əvəzedicisi ilə bağlı yaranıb.