“Azərbaycan bugünkü şərtlərdə KKTC-ni tanıya bilməz” – Hasibə Şahoğlu

15:40 22.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) ikigünlük səfəri gerçəkləşdi. Səfərdən öncəki günlərdə isə dünya mediası böyük müjdələrin elan ediləcəyindən yazırdı. Hansı ki, həmin müjdələrdən biri də Azərbaycanın KKTC-ni tanıması ilə bağlıydı.

Çox maraqlı idi ki, Ərdoğanın səfərindən öncə Azərbaycan Milli Məclisinin yüksək səviyyəli nümayəndə heyyəti də Lefkoşaya gedərək görüşlər keçirmişdi. Bu da Azərbaycanın həqiqətən də Şimali Kiprin müstəqilliyini tanıya biləcəyinə dair söz-söhbəti artırmışdı. Amma görünən bu ki, şayiələr real olmadı - nə Azərbaycan KKTC-ni tanıdı, nə də digər umduğumuz müjdələri eşitdik. Bəs real vəziyyət necədir, nə baş verir adada? Suallarımızı Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş müşaviri, KKTC-nin Pakistanda və Birləşmiş Ərəb Əmirliklərində təmsilçisi olmuş Hasibə xanım Şahoğlu cavablandırır:

- Prezident Ərdoğanın gəlişini KKTC-də səbirsizliklə gözləyirdilər. O, əvvəlcədən KKTC xalqına bir sıra müjdələr verəcəyini söyləmişdi. Kıprıs türkləri və mediası, hətta Türkiyə vətəndaşları və mətbuatı da bu müstəvidə fərqli fərziyyələr irəli sürürdü. Ən inandırıcı fərziyyə bu idi ki, Azərbaycanın parlament nümayəndə heyəti bir neçə gün əvvəl Lefkoşada səfərdə olub, yəqin ki, rəsmi Bakı KKTC-ni tanıya və ya heç olmaya müəyyən imtiyazlar tanıya bilər. Başqa bir fikirə əsasən isə, Azərbaycan və Pakistanla birlikdə, 10-dək ərəb ölkəsinin də KKTC-ni tanıyacağı gözlənilirdi. Maraş açılımının reallaşacağını düşünənlər də az deyildi. Bəzilərinə görə, KKTC-nin adı dəyişdiriləcəkdi - Kıprıs Türk Cümhuriyyəti olacaqdı. Türkiyənin adada hərbi dəniz bazası yaradacağını, Geçidkala Hava Limanında İHA və SİHA-lar yerləşdiriləcəyini, hətta KKTC-nin Türkiyəyə birləşdiriləcəyini də deyənlər vardı. Amma bunların heç biri baş vermədi. Əlbəttə, müjdə verildi, amma nə? KKTC-də Prezident sarayı və Parlament binası tikiləcək, Millət parkı salınacaq. Bunlar xalqımızı məmnun edəcək şeylər deyil. Xalqın iqtisadi durumu bu qədər ağırkən, açıqlanan layihələr insanlarımız üçün çox bahalıdır.

- Səfəröncəsi Avropa İttifaqının rəhbərləri Ərdoğana zəng vurub narahatlıqlarını çatdırır, Lefkoşada yunanların xətrinə dəyəcək fikirlər səsləndirməməyi tələb edirdilər.  Ərdoğanı üstüörtülü şəkildə hədələyirdilər desək, yanılmarıq. Bu səbəbdən də məlum səfərin çox özəl olduğunu, mütləq siyasi və iqtisadi məna daşıdığını demək mükündür. Sizcə, xalqa söylənilməyən, amma səfər çərçivəsində imzalanmış, yaxud icra edilmiş nələrsə ola bilərmi?

- Verilən müjdənin daha öncədən bilinən şeylər olması hamımızda bunun əsl məqsədlər olmamasına dair şübhələr yaradıb. Çoxları bu fikirdədir ki, xalqa açıqlanmayan, gizli nələrsə planlaşdırılır. İndi ölkələr özbaşlarına, asanlıqla qərar verə, təkbaşına hərəkət edə bilmirlər. Bu, Azərbaycana da aiddir, Türkiyəyə də, başqalarına da. Ola bilər, Avropa İttifaqı səlahiyyətliləri KKTC-ni tanıma məsələsində hər iki ölkəyə mane olublar.

- Yuxarıda sizin də qeyd etdiyiniz kimi, KKTC-nin adının və anayasanın dəyişdiriləcəyini eşitdik. Sizcə, adın indiki məqamda dəyişdirilməsinin siyasi məqsədi ola bilərmi? Məncə, məşhur Annan planında da vardı bu məsələ. Adın və anayasanın dəyişdirilməsini müstəqilliyin elanına doğru atılmış addımlar saya bilərik?

- Daha öncələr də İslam Əməkdaşlıq Təşkilatında Kıprıs Türk Dövləti yazılıb – KKTC-nin adı. Hesab edirəm, indiyədək olduğu kimi, bundan sonra daha 50 il federasiya proqramının arxasınca qaçmağın heç bir mənası yoxdur. Yunanların iki dövlət statusunu qəbul eləməsi vacibdir. Tərəflər arasında görüşlər keçiriləcəksə, iki bərabərhüquqlu dövlətin masaya oturması lazımdır. Bu səbəbdən də daha “Güney” və “Quzey” kəlmələrinin işlənməsinə ehtiyac qalmayıb. Bir məsələ də var: adı dəyişmək üçün mütləq anayasanın da dəyişdirilməsi lazımdır. Bunun üçün  referendumun keçirilməsi şərtdir. Son sözü xalq deyəcək.

- Uzun illər öncə Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri, daha sonra KKTC-nin Pakistanda təmsilçisi vəzifəsini yerinə yetirmiş bir diplomat olaraq deyin: səfəröncəsi türk mətbuatında da yazıldığı kimi, Azərbaycan və Pakistanın KKTC-ni tanıma ehtimalı vardımı və ümumiyyətlə, bu inandırıcı idimi? Qarabağ münaqişəsi tam çözülmədiyi halda, Azərbaycanın Kıprısın bağımsızlığını tanıması mümkünmü? Adıçəkilən Pakistanın, Liviyanın, lap elə Banqladeşin də kifayət qədər problemi mövcuddur. Nəzərə alaq ki, aylaröncəsi İngiltərənin də KKTC-ni tanımağa hazırlaşması barədə şayiələr dolaşırdı…

- İngiltərə KKTC-ni əsla tanımaz, çünki adanın yunan tərəfində iki bazası var, onları əlindən çıxarmaq istəməz. Sözügedən bazaları əlində saxlamaq üçün, London hər zaman yunanların mövqeyindən çıxış edir. Üstəlik, öz maraqları ön planda tutur. Məhz bu səbəbdən də 1974-cü ildə Türkiyənin birlikdə hərəkət etməyə dair təklifini rədd etmişdi. Pakistana gəlincə, hər zaman Türkiyənin və KKTC-nin dostu olub.  KKTC-ni rəsmən tanımasa belə, İslamabaddakı təmsilçiliyimizə tam şəkildə səfirlik statusu verib, bizi də səfir olaraq qəbul edir. Pakistanda maşınlarımızda və yerləşdiyimiz binada KKTC bayrağı dalğalanır və bizləri hər yerə dəvət etməkdədir. Mən orada olduğum dönəmdə, bizə dəstək vermək məqsədilə Pakistan prezidenti Pərviz Müşərrəf tərəfindən dörd-beş dəfə qəbul edilmişəm. Ancaq bütün bunlara rəğmən Pakistan ABŞ-ın müttəfiqidir, onun sözündən çıxmaz. Bu kimi inkişaf etməkdə olan ölkələr gözləmə mövqeyi tutarlar, məsələn, böyük güclər - ABŞ və ya Rusiya KKTC-ni tanımazsa, onlar da tanımazlar. Azərbaycan da bugünkü şərtlərdə KKTC-ni tanıya bilməz. Qarabağ problemi hələlik tam çözülməyib. Ancaq Azərbaycan da ola bilər ki, Pakistan kimi özəl status verə bilər bizə.

- Prezident Ərdoğandan bir neçə gün öncə Azərbaycan parlamentinin yüksək səviyyəli nümayəndə heyəti Lefkoşada oldu. Sizcə, Azərbaycan parlamentinin komitə sədrinin KKTC-yə səfərinin məqsədi nə ola bilər, əsl həqiqət yazıb-oxidiqlarımızdır, yoxsa gizlində nələrsə var?

- Siz də bilirsiniz ki, hər zaman Azərbaycan millət vəkilləri özəl günlərimizdə KKTC-yə səfər edərlər. Hesab etmirəm ki, münasibətlərdə yeni vəziyyət yaranıb. Ancaq olmaz da demirəm. Ola bilər bu dəfə məqsəd başqa olub, amma Avropa İttifaqı mane olub. Hər halda, qapalı qapılar arxasında danışılanları bizlər bilmərik.

- Azərbaycan nümayəndə heyəti Lefkoşada olsa da, nə yunan Kipri, nə də Yunanıstandan səs çıxmadı. Qarşı tərəfin Azərbaycanın parlament nümayəndə heyətinin səfərinə etirazsız qalması şübhəli gəlmirmi sizə?

- Bayaq da dedim: Azərbaycan heyətləri KKTC-yə çox gəliblər. Yunanıstan və yunan Kipri əla bilir ki, Azərbaycanla Türkiyə və KKTC xalqı arasında yüksək səviyyədə münasibətlər mövcuddur. Yunanlar yaxşı bilir ki, etiraz etsələr də, Azərbaycanın mövqeyinə təsir göstərə bilməyəcəklər. Yəqin bu səbəbdən də səslərini çıxarmayıblar.

- Azərbaycandan söz açılmışkən, siz ölkəmizi çox yaxşı tanıyan bir insan olaraq söyləyin: Azərbaycanla KKTC arasında ilkin olaraq hansı səviyyədə əlaqələrin qurulması mümkündür və şəxsən siz Bakının KKTC üçün nələr etməsini istərdiniz? İqtisadi-ticari sahədəmi, siyasi-diplomatik müstəvidəmi…

- Azərbaycan rəsmi olaraq tanımasa da, KKTC ilə əlaqələrini genişləndirməyə çalışmalıdır. Bakıda fəaliyyət göstərən Ticarət və Turizm Təmsilçiliyimizi bir çox ölkədə olduğu kimi, KKTC Təmsilçiliyi, rəhbərlərini də təmsilçi olaraq qəbul etməsi ən böyük arzumuzdur. Təmsilçiliyimizə diplomatik status verilməlidir. Arzum budur ki, ölkələrimiz arasında sadəcə mədəni deyil, ticari və turizm əlaqələri də qurulsun, universitetlərimiz arasında əlaqələr yaradılsın, bir-birlərinə akkreditə olunsunlar.

Oxunma sayı 4430