Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır - TƏHLİL

14:57 06.08.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dünyada yeni növ koronavirus pandemiyasının (COVID-19) yayılması bütün ölkələri fərqli şəraitdə yaşamağa məcbur etdi. Artıq 6 aydır ki, dünya ölkələrində, o cümlədən Azərbaycanda virus səbəbindən karantin rejimi tətbiq olunur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi proqnozlardan isə belə anlaşılır ki, payız aylarında pandemiyanın ikinci dalğası gözlənilir. Artıq bir sıra ölkələrdə virusun ikinci dalğası müşahidə olunmaqdadır. Prosesin nə qədər davam edəcəyi isə sual altındadır. Çünki fərqli beynəlxalq qurumların verdiyi proqnozlar arasında pozitiv heç nə yoxdur.ın şahidiyik. Bu proqnozlar onu deməyə əsas verir ki, bütün dünya çox fərqli siyasi, iqtisadi və sosial şəraitdə yaşayağa öyrəşməlidir.

Hər kəsə o da məlumdur ki, bu virus inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə sosial və iqtisadi həyata ciddi zərbə vurub. Hazırda həm dünya, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatı çətin durumdadır. Təbii ki, belə bir şəraitdə əhalinin məşğulluğunun, sosial rifahının dəstəklənməsi sahəsində tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Demək olar ki, Azərbaycanda bu sahədə böyük işlər aparılıb və aparılmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə COVID-19 pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilir.

Belə ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait  təqribən 3,5 milyard manatdır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir. Həmin dəstək paketləri çərçivəsində dövlət və özəl sektorda muzdla çalışanların iş yerləri və əməkhaqqı gəlirləri qorunub. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilir. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verildi və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Bundan başqa, 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib. Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın  aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edilib. Məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə (50 min ailə üzvü) kiçik təsərrüfatların qurulması işləri aparılır. 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. 100 minədək aztəminatlı ailə (400 min ailə üzvü) ərzaq yardımı ilə təmin edilib. 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi əhatə olunması işləri aparılır.

İş yerləri və əməkhaqlarının qorunmasına ciddi nəzarət edilir

Pandemiya dövründə dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün də məqsədyönlü tədbirlər görülüb. Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir. Əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib. Belə ki, 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751,3 minə çatıb. Əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda 8,24 faiz artım baş verib, o cümlədən özəl sektor üzrə bu artım 14 faizdən çoxdur. 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilib və təqribən 300 min fərdi sahibkara dəstək verilib.

Digər tərəfdən,  dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. Prezident İlham Əliyevun tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi monitorinqlər aparılır, işçilərin işə davamiyyəti, xüsusilə işçilərin əməkhaqqı kartlarının özlərində olub-olmaması yoxlanılır. Şəffaflığın, ictimai nəzarətin  təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb.

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub. Azərbaycan Prezidentinin göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və 600 min şəxsi əhatə edib. Həmin şəxslərə aprel-may ayları üzrə ölkə üzrə yaşayış minimumu səviyyəsində (aylıq 190 manat) birdəfəlik ödəmə verilib. Bu məqsədlə 229 milyon manat sərf olunub. Əlavə olaraq, sonralar sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 minə yaxın şəxs 190 manat ödənişlə təmin edilib, bu məqsədlə 55 milyon manat vəsait sərf olunub.

Qeyd edək ki, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndirilməkdədir. Belə ki, hazırlanmış yeni qanunvericilik layihəsində əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişinin şamil edilməsi təklifi yer alıb. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. Eyni zamanda, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. Həmçinin NK-nın qərarı ilə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti artırılıb.

Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndiriləcək

Dövlət başçısının tapşırığı ilə 2020-ci il üzrə 12 min ailənin (50 min ailə üzvü) özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat  ayrılıb. 2021-ci ildə proqramın əhatə dairəsi daha da genişlənəcək. 28 iyul 2020 tarixədək artıq 4200-ə yaxın şəxs proqrama cəlb edilib. Nazirlər Kabinetinin 25 iyul 2020-ci il tarixli yeni Qərarı ilə özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunmaları nəzərdə tutulur. Bu da özünüməşğulluq proqramının icrasının yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə də ardıcıl şəkildə davam etdirilməsinə imkan yaradır. Həmin şəxslərə yerli məşğulluq orqanlarının  köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında material, avadanlıq və digər əmlak veriləcək. Qərara əsasən, xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb olunmasını təmin edəcək. Bununla əlaqədar Nazirlik özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını da sürətləndirəcək. Proqramın genişləndirilməsində Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir (hər il 250 ailə). Eyni zamanda, banklarla da əməkdaşlıq həyata keçirilir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsi işləri aparılır və prosesə qoşulan bankların sırası getdikcə genişlənir. Bundan başqa, Dünya Bankı və Azərbaycan Hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının  genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb. 2020-2025-ci illəri əhatə edən layihə üzrə bu müddətdə həssas əhali kateqoriyalardan olan 22 min işsiz şəxsin (o cümlədən 2 min nəfərinin 2020-ci il üzrə) proqrama cəlb edilməsi və kiçik biznesinin yaradılması nəzərdə tutulur. Digər tərəfdən, BMT-nin İnkişaf Proqramı ilə birgə layihə üzrə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir. Layihə çərçivəsində bir sıra bölgələrdə əlilliyi olan şəxslərə aktivlərin verilməsi prosesinə başlanıb və davam edir.

Dövlət xüsusi həssas təbəqələrin sosial müdafiəsini diqqət mərkəzində saxlayır

Pandemiya dövründə Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığı təmin etməyə yönəldildi. Bu ödənişləri (pensiya, müavinət təqaüd,  kompensasiya, ünvanlı sosial yardım) 2,3 milyon şəxs alır. Xüsusi karantin rejimi müddətində həm də ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələr üçün də bu yardımın müddəti uzadılıb. Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə bu yardımın, habelə  əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur.
Ünvanlı sosial yardım alan ailələrin sayı artmaqda davam edərək, son aylarda isə 15 minədək artaraq 85 min olub. Onlarda ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Eyni zamanda, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə sadələşdirmə və şərtlərin yumşaldılması üçün hazırlanmış qanun layihəsi parlamentdə qəbul olunub və Prezident İlham Əliyev iyulun 14-də həmin qanunu - “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanuna əsasən tətbiq edilən yeniliklər proqramın daha da genişlənməsini şərtləndirəcək.

Bundan başqa, karantin dövründə yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparıldı. 15 000-dən çox tənha yaşlı sosial xidmətlərlə əhatə olundu. Sosial tərəfdaşlar vasitəsilə artıq 100 min ərzaq payı aztəminatlı ailələrə (400 min ailə üzvü) verilib. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dək şəxs stasionar şəraitdə sosial xidmətlər təmin olunur.

Sözsüz ki, belə bir çətin zamanda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar bir daha Prezident İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu, dövlətin hər zaman öz vətəndaşlarının yanında olduğunu isbatlayır. Eyni zamanda, görülən bu işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə sayıla bilər.

Oxunma sayı 2743
Sosial rubrikasından digər xəbərlər