Azərbaycan qapılarını açmağa hazırlaşır - Aktual

15:07 08.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Mövcud vəziyyət xarici turistləri qəbul etməyə imkan verir

Pandemiyaya baxmayaraq, bu gün bir sıra ölkələr xarici turizmə imkan yaradır, müəyyən yumşalmalara gedirlər. Bəzi ölkələr aylardır ki, turistləri ölkələrinə qəbul edərək bu sahəni inkişaf etdirməyə çalışırlar. İyun ayının 10-dan etibarən isə Rusiya və Türkiyə vətəndaşlarının müəyyən şərtlər daxilində Azərbaycana gəlmələrinə icazə veriləcək.

Belə ki, hər iki ölkəyə müntəzəm uçuşların sayı artırılır. Məsələn, iyunun 25-dən etibarən Azərbaycanın Milli Aviadaşıyıcısı (AZAL) Bakıdan Türkiyənin kurort şəhərləri – Bodrum və Dalamana xüsusi uçuşlar həyata keçirməyə başlayır. Bakı-Bodrum-Bakı istiqamətində uçuşlar hər gün həyata keçiriləcək. Heydər Əliyev Beynəlxalq Aeroprtundan Dalaman şəhərinə uçuşlar həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Qeyd edək ki, aviadaşıyıcı digər kurort şəhəri - Antalyaya da uçuşlar həyata keçirir. Daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan sərnişin kateqoriyası qəbul ediləcək. Belə ki, Bakı-Bodrum və Bakı-Dalaman istiqaməti üzrə reyslərin sərnişinləri:

- Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar.

- Koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar.

Bodrum-Bakı və Dalaman-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar.

- Koronavirus infeksiyasının olmaması barədə arayış  almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur,  həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Türkiyədən uçduğunuz zaman, Memorial Sağlık Grubu” klinikaları və ya ölkənin  Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan birində testdən keçə bilərsiniz .

Azərbaycan Respublikasının  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

 AZAL uçuş cədvəlində Bakıdan Moskvaya və əks istiqamətdə xüsusi reyslərin sayını da artırır Hər həftə həyata keçirilən iki reysə (çərşənbə və bazar günləri) 14 iyundan etibarən bazar ertəsi günləri həyata keçiriləcək daha bir reys əlavə olunacaq. Qeyd edək ki, daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan kateqoriyadan sərnişinlər qəbul ediləcək.

Bakı-Moskva istiqaməti üzrə reyslərin sərnişinləri:

-Rusiya ərazisinə giriş hüququna malik olmalıdılar.

-Koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar.

Moskva-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:

-Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar.

-Koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq.

-Sərnişinlər COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

Biletlərin qiymətinə gəlincə, bilet satışı üzrə kassalardan əldə etdiyimiz məlumata görə, iyun ayı üçün aşağı büdcəli daşıyışıların təklif etdikləri biletlər bitibdir. Hazırda Türkiyə və Rusiya istiqamətinə satışda daha çox AZAL-ın təklif etdiyi biletlər mövcuddur. Məsələn, iyun ayının sonundan AZAL Türkiyənin Bodrum və Dalaman istiqamətinə uçuşlara başlayır. Hazırda ən ucuz bilet 420 manatdır. İstanbula biletin qiyməti isə 450 manatdan başlayır. Əgər siz daha aşağı büdcəli bilet istəyirsinizsə, o zaman iyulun ortasını gözləməli olacaqsınız. İyulun ortasında sözügedən Bakı-İstanbul istiqamətinə BUTA-nın təklif etdiyi biletin qiyməti 310 manatdır. Hazırda Bakıdan Moskva və Sankt Peterburq istiqamətinə və əksinə biletlərin minimum qiyməti isə 750 manatdan başlayır. Məsələn, milli aviadaşıyıcı olan AZAL iyun ayı üzrə Moskvaya 840 manatdan başlayan qiymətlərlə uçur. Gələn aya Bakı-Moskva və ya Moskva-Bakı istiqamətinə bilet əldə etmək istəyənlər sifarişlərini indidən verməklə hazırkı qiymətdən təxminən 150 manat ucuz bilet əldə edə bilərlər.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, Rusiya və Türkiyə vətəndaşlarının müəyyən şərtlər daxilində Azərbaycana gəlmələrinə icazə verilməsi gəlmə turizminin yenidən dirçəlməsinə səbəb ola bilər. Onun sözlərinə görə, bu yay biz daha çox Rusiyadan turistlər gözləməliyik:

“Məlum olduğu kimi pandemiya səbəbindən artıq bir ildən çoxdur ki, ölkələr arasında gəliş-gediş yoxdur. Bu isə turizm sektorunun durğunlaşmasına səbəb olub. Bizdə hazırda digər ölkələrlə müqayisədə vəziyyət xeyli yaxşıdır, uğurlu vaksinasiya aparılır və epidemioloji vəziyyət nəzarət altındadır. İndi turistləri maraqlandıran əsas məsələ təhlükəsizlik məsələsidir və turistlər sağlamlıqla bağlı təhlükəsizliyə təminat verən ölkələrə maraq göstərirlər. Demək olar ki, Azərbaycan tədricən öz qapısını turistlərə açmağa hazırlaşır. Bu müsbət haldır. Amma biz yenə də sayıqlığımızı itirməməliyik. Pandemiyanın davam etdiyinin bir an belə olsun unutmamalıyıq. Bütün qaydalar pandemiyaya uyğunlaşdırılmalıdır, otellər, restoranlar pandemiyaya uyğun fəaliyyətlərinin qurmaqda davam etməlidirlər. Bizdə vəziyyət indiki səviyyədə olarsa, yəqin ki, digər ölkələrlə də əlaqələr bərpa olunacaq. Bu yay çox güman ki, biz MDB ölkələrindən, xüsusilə Rusiyadan turist qəbul edəcəyik. Çünki pandemiyadan əvvəl Rusiyadan Azərbaycandakı sağlamlıq mərkəzlərinə, xüsusilə Naftalana xeyli turist gəlirdi. Biz bu yaydan həmin istiqamətə turist sayının artacağını gözləyirik”.

Məsələyə münasibət bildirən Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bildirib ki, hökümətin qərarı ilə Rusiya və Türkiyə vətəndaşlarının müəyyən şərtlər daxilində Azərbaycana gəlmələrinə icazə verilməsi gələcəkdə bu siyahının genişlənəcəyinə ümidi artırır:

“O ölkələrdəki vaksinasiya uğurla həyata keçirilir, həmin ölkələrlə turizm əlaqələrini bərpa etmək üzrə düşünmək olar. Əlbəttə ki, son qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək. Amma meyarlar bəllidir, ümid edirik ki, ilin ikinci yarısında bu siyahıda biz müəyyən yenilikləri görə biləcəyik”.

Qurum rəsmisi həmçinin vurğulayıb ki, bu gün Azərbaycan turizminin prioritet bazarları var: “Bu ilk növbədə qonşu ölkələr, MDB dövlətləri, şərqi və cənubi Asiya ölkələri, yaxın şərq ölkələri və Avropa ölkələri istiqamətidir. Həmin regionlarda Azərbaycanın rəsmi olaraq 6 turizm nümayəndəlikləri açılıb. Bu bazarların hər biri bizim üçün prioritetdir. Pandemiyadan əvvəl bu bölgələrin hər birindən Azərbaycana turist gəlib. Sərhədlər açıldıqca da məhz həmin bazarlardan yenidən qonaqlarımızın gəlməyini ehtimal etmək olar. Düzdür, turizm çox qəliz bir sənayedir, burada zəcirlə gedən əlaqələr var. Əlbəttə ki, biz çalışmışıq ki, o əlaqələr pandemiya dövrü olmasına baxmayaraq itməsin. Bu məqsədlə onlayn tədbirlər, vebinarlar təşkil olunub. Ümumən sərhədlər açıldıqca Azərbaycan turizm sənayesi turistləri qəbul etməyə hazır vəziyyətdədir”. 

Məsələyə münasibət bildirən turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov da deyib ki, iyun ayının 10-dan etibarən Rusiya və Türkiyə vətəndaşlarının müəyyən şərtlər daxilində Azərbaycana gəlmələrinə icazə verilməsi turizm sektorunun canlanmasına səbəb ola bilər:

“Bu il Azərbaycana gələn xarici turistlərin sayının artması gözləniləndir. Mərhələli şəkildə yumşalmalara gedilməsi turizmin müəyyən qədər canlanmasına və bərpasına kömək edəcək. Nəzərə alsaq ki, artıq yay mövsümüdür, çimərliklər açılır, Azərbaycana turistlərin gəlməsi üçün əlverişli vaxtdır. Bu baxımdan bu qərar müsbət xarakter daşıya bilər. Bunun nəticəsində daha çox xarici vətəndaş Azərbaycanı ziyarət edə biləcək. Eyni zamanda həm Azərbaycanda, həm dünyada vaksinləşmə artır. Bu da ümumi olaraq xəstəliyin yayılmasının qarşısını alır və bu da turizmin bərpasında müsbət rol oynayacaq”.

 

Oxunma sayı 2158