İranda Azərbaycan səfirliyinə edilən silahlı hücumun arxasında məhz SEPAH dayanır.
Bunu hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
O, İranda münasibətləri gərgin olan ölkələrin səfirliklərinə qarşı belə hücumlarının artıq adət halını aldığını deyib.
“Biz İranın II Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı hansı siyasi, informasiya və hərbi təzyiqlər göstərdiyini görürük. Hesab edirəm ki, səfirliyə hücum həmin prosesin tərkib hissəsidir. Bunun motivində hər hansı bir ailə, məişət və digər şəxsi məsələlər deyil, birbaşa İran rejimi dayanır. Hesab edirəm ki, Azərbaycan tərəfi İranda səfirliyini bağlamalıdır və İran diplomatlarının Bakıdan çıxarılması üçün vaxt verməlidir”.
M.Əsədullazadə hesab edir ki, İranda hakimiyyətdə olan mühafizəkar rejim dəyişməyincə İranla Azərbaycan arasında münasibətlər normallaşmayacaq.
“Ümumiyyətlə, regionda geosiyasi vəziyyətin normallaşması Azərbaycanın daha da güclənməsi Tehranın Azərbaycana qarşı açıq hücumuna gətirib çıxardıb. Tehranda səfirliyimizə edilən hücumda hər hansı üçüncü qüvvələrin rolu yoxdur və burada əsas böhran Tehrandan qaynaqlanır. İran xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri ilə görüşlərinin guya münasibətlərin yaxşılaşmasına doğru atılması da səmimi deyildi. Əslində gərginlik qalır, Azərbaycanın geri addım atmamağı İranı müəyyən qədər aqressiv addımlar atmağa sövq etmişdi. İran Azərbaycana qarşı öz terror və düşmən siyasətindən geri çəkilməyib”.
Ekspert bu hadisəni Böyük Britaniyada, Fransada səfirliyimizə olan hücumun analoji halı kimi dəyərləndirib.
“Həmin səfirliklərə edilən hücumlar da erməni və iran yönümlü şəxslər tərəfindən həyata keçirilmişdi. Bu da Azərbaycanın regionda dəyişikliyə səbəb olan qalibiyyət siyasətinə qarşı təşkil edilmiş bir hücum planıdır. Hesab edirəm ki, Azərbaycan İranla siyasi, iqtisadi əlaqələri kəsməlidir. Azərbaycan da SEPAH-ı terorçu təşkilat kimi tanımalıdır. Çünki Azərbaycanın İrana bağlı pozitiv addımları rəsmi Tehran tərəfindən qorxaqlıq kimi qəbul olunur. Ona görə də biz münasibətlərimizi sərt şəkildə bildirməli və İranla əlaqələr müvəqqəti dayandırılmalıdır”.