Azərbaycanın yerləşdiyi coğrafiya və dövlət olaraq tarixi missiyası heç bir qonşu dövlətlə müqayisə oluna bilməz. İran və Rusiya kimi aqressiv, şovinist qonşularımız, onların himayə etdiyi təcavüzkar Ermənistan Azərbaycanın tarixi missiyasını əngəlləyən düşmən cinahlarıdır. Azərbaycan Türk Dünyasının birliyi üçün mənəvi körpü olmağa iddialıdır.
Bu fikirləri hafta.az-a siyasi şərhçi Zəlimxan Məmmədli deyib:
“Çox şanslıyıq ki, bu regionda güclü və tarixi missiyamıza qarant olan Türkiyə var. Türkiyə həm də güclü Türkiyədir. Bu baxımdan, Azərbaycanı düşmən cinahlardan qoruyan bir güc mərkəzi ilə ciddi əməkdaşlığa ehtiyac var idi. Unudulmamalıdır ki, Azərbaycanın dövlət olaraq var olmasında hələ keçən əsrin əvvəllərində Türkiyə tarixi rol oynamışdır. Bakını rus-erməni işğalından Nuru Paşanın rəhbərliyi ilə Türkiyənin Qafqaz İslam Ordusu azad etmişdir. Odur ki, Şuşa Bəyannaməsi Azərbaycan dövlətçiliyini mənfur qonşulardan qoruyan, Beynəlxalq hüquqdan qaynaqlanan hüquqi sənəddir. Şuşa Bəyannaməsi həm də Azərbaycanın tarixi bütövlük, demokratiya, türk dünyasının birliyi kimi ideallarına işıq salan sənəddir. Eyni zamanda, Gürcüstan kimi region dövlətlərinə buxovlardan qurtulmaq üçün şans verən, hətta Ermənistanı Rus əsarətindən azad etməyə, regionun iqtisadi, humanitar, kommunikasiya sahələrində gəlişməsinə dəstək verən tarixi sənəddir.
Şuşa Bəyannaməsinin icra mexanizmi haqqında yaranmış tarixi geosiyasi şərtlərə uyğun addımlar atılmaqdadır. 15 iyunda Şuşada Türkiyə və Azərbaycanın böyük heyətlərlə Bəyannamənin ildonümünü keçirmək üçün məkanın seçilməsi də təsadüfi deyildir.
Şuşada Türkiyə Konsulluğunun açılması və hərbi əməkdaşlığın daha dərinləşdirilməsi istiqamətində addımlar atılması ehtimalı daha çoxdur. Tarixin, geosiyasi durumun türk birliyinin xeyrinə işlədiyi düşüncəsindəyəm. Bu güc Rusiyanın Qafqaqzdan tamamilə sıxışdırılmasına gətirib çıxara bilər.
Şuşa Bəyannaməsi qarşılıqlı olaraq hər iki dövlətin güvənliyi, Türk Dövlətləri Təşkilatının daha dinamik bir mexanizminə çevrilməsi, o cümlədən Türkiyə-Azərbaycan mərkəzli yeni siyasi çəkili güc mərkəzinin yaranmasına hüquqi əsas verən sənəddir”.