Azərbaycanda iqtisadi artım bərpa olundu - Vüsal Qasımlı

10:37 12.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda iqtisadi artım bərpa olunub.

Hafta.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Vüsal Qasımlı bildirib ki, əvvəlcədən də proqnozlaşdırıldığı kimi, ilin ilk 5 ayının göstəricilərinə əsasən Azərbaycanda iqtisadi artım cüzi də olsa bərpa olunub: “Belə ki, bu ilin yanvar-may aylarında Ümumi daxili məhsul 0,8 faiz artıb. COVİD-19 pandemiyasının təsiri altında Azərbaycan iqtisadiyyatında geriləmə 2020-ci ilin mayından başlamışdı və düz bir ildən sonra artım yenidən bərpa olundu. Karbohidrogen sektorunda geriləməyə rəğmən, qeyri-neft sektoru ilk 5 ayda 4,5 faiz artmışdır.”

V.Qasımlının sözlərinə görə, artımda əsas rol alan qeyri neft-qaz sənayesi bu ilin yanvar-may aylarında 16,2 faiz böyüyüb: “Artıq neçə ildir ki, qeyri-neft sənayesi ümumi iqtisadi artımda ən yüksək paya sahib olmaqla drayverə çevrilib. Qeyri-neft sənayesinin ÜDM-də xüsusi çəkisi son beş ildə 14,4 faizdən hazırda 17,9 faizə yüksəlib. Qarabağda emal və dağ-mədən sənayesinin inkişafı ölkədə ümumi sənayeləşməni sürətləndirəcək.

Bu ilin ilk 5 ayında kənd təsərrüfatı sahəsində - bitkiçilikdə və heyvandarlıqda da artım olub. Bundan başqa informasiya və rabitə xidmətləri və pərakəndə ticarət artıb. Bir sıra xidmət sahələri, o cümlədən ictimai iaşə, nəqliyyat və tikintidə hələlik iqtisadi artımı bərpa etmək mümkün olmayıb. Ən əsası odur ki, ilin ilk dörd ayında qeyri-neft ixracı 27 faiz artıb.”

V.Qasımlı bildirib ki, bu il Azərbaycanda Dünya Bankının proqnozlarına əsasən 1,9 faiz, gələn il isə 4,5 faiz iqtisadi artım olacaq: “Beynəlxalq Valyuta Fondu isə Azərbaycanda bu il 2,3 faiz, gələn il 1,7 faiz iqtisadi artım proqnozlaşdırır.”

V.Qasımlının fikrincə, qeyri-neft sektoru həm azalan karbohidrogen gəlirlərini kompensasiya etməli, həm də ümumi iqtisadi artımı təmin etməlidir.

Oxunma sayı 574