“Kolumbiya Azərbaycanla ticarət əlaqələrini inkişaf etdirməkdə maraqlıdır”.
Bu sözləri Hafta.az-a açıqlamasında Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas deyib. Onun sözlərinə görə, iqtisadi-ticarət münasibətlərinin öz axarında inkişafı, bütün dünyaya mənfi təsr edən koronavirus pandemiyası səbəbindən ləngisə də, o, nəticəyə ümidlə baxır.
“Səfirlik olaraq Azərbaycanla əməkdaşlığımızı davam etdiririk. Bu müstəvidə virtual və fiziki şəkildə bütün imkanlardan yararlanaraq Azərbaycan hökuməti və ayrı-ayrı biznes təmsilçiləri ilə görüşlər keçirdik. Pandemiya dövründə əlaqələri dinamikləşdirməklə sürət ritminin aşağı düşməsinin qarşısını almağa çalışdıq. Əminəm ki, pandemiyadan sonra əməkdaşlığımız daha da inkişaf edəcək. Hər halda çoxlu ideya və planlarımız var”, - deyib Kolumbiya səfiri.
“O cümlədən, Azərbaycanda Kolumbiya qəhvəsinin satış mərkəzinin açılması kimi bir planımız var. Amma pandemiya səbəbindən bu, layihə olaraq qalır. Amma biz Azərbaycanda yerli iş adamları ilə danışıqlar aparırıq və hesab edirəm ki, yaxın gələcəkdə bu istəyimizi reallaşdıra biləcəyik”, - deyib səfir Kardenas.