Bir neçə müddət əvvəl mətbuatda ciddi müzakirə olunurdu ki, ölkədə süni düyü, süni yumurtanın satışı, istehsalı həyata keçirilir. Lakin araşdırmalardan məlum oldu ki, belə bir durum mövcud deyil. İstehsal sahəsinin ən öndə gedən məhsullarından biri olan ətlə bağlı da bu yanaşmalar yaranıb. Belə ki, hələ 90-ci illərdən süni ət istehsalını həyata keçirən Rusiya, Çin və s kimi dövlətlərdən ölkəmizə ət tədarük oluna biləcəyi deyilir.

Hafta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli dünyada da bununla bağlı çox ciddi mübahisələr getdiyini deyir.
N.Cəfərli bildirdi ki, dünya ekspertləri fikrinə görə, süni ətin insan sağlamlığına təsirləri vardır. Bununla bağlı araşdırmalar da aparılır: “Azərbaycanda isə süni ətin istehsal edilməsi üçün texnologiya yoxdur. Əgər başlanılacaqsa o şirkətlər yeni texnologiyaların alması ilə mümkün olacaq. Azərbaycanlıların ağız dadını inanmıram süni ət dəyişə bilsin, rəğbətlə qarşılansın. Ona görə də bu prosesin ciddi bir biznesı çevrilə biləcəyinə şüphə ilə yanaşıram. Çində süni ət istehsalı vardır. Avropa ölkələrində isə bunun çox ziyanlı olduğunu söyləyən ekspertlər var. Ən azından ÜST( Ümümi Səhiyyə Təşkilatı) bununla bağlı narahatçıqlarını açıqlayıb. Bu məsələyə ehtiyyatla yanaşmaq lazımdır. Mütəxəssislər ciddi araşdırmalıdır ki, doğrudan da süni ət insan sağlamlığı üçün mənfi fəsadlar verə bilərmi...Məsələn, Azərbaycanda hər hansı bir kafedə süni ət verilərsə, inanmıram o kafedə müştəri artımı olsun. Əksinə, müştərilərin itməsi halı baş verə bilər”.

İqtisadçı ekspert İlham Əzizov isə dedi ki, zaman keçdikcə süni ət istər istəməz bazara daxil olacaq:
“Bunun qarşısında qanuni əngəl yoxdur. Çünki, süni ət geni dəyişdirilmiş məhsul sayılmır. Ölkəmizdə əhalinin adambaşına ət istehlakının aparıcı ölkələrdən aşagı olması, süni ətin gələcəkdə istehlak olunacagına şərait yaradır. Hal hazırda ət adı altında istifadə etdiyimiz kolbasaların da tərkibinin az hissəsi ətdir, qalan böyük hissə ədviyyat və başqa inqridiyentlərdir. Bu addım ət bazarında rəqabət yarada bilər, qiymətlərə təsir edə bilər, amma bunun üçün müəyyən yol keçilməli və məhsul özünü normal qida kimi təsdiq etməlidir”.