Azərbaycanın “Dəhliz diplomatiyası” Brüsseldə qalib gəldi - Aydın Quliyev

18:02 15.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan  dövlət rəhbərləri arasında danışıqların nəticələrini uğurlu saymaq olar. Bu görüş və əldə olunan nəticələr müəyyən qədər Soçi görüşünün davamıdır. Eyni zamanda, Soçidə əldə olunmuş razılaşmaların daha konkret  şəkildə möhkəmləndirilməsi və Ermənistan üçün  konkret məsuliyyətin qoyulması baxımından təqdirəlayiqdir”.

Bunu hafta.az-a siyasi şərhçi Aydın Quliyev Brüssel görüşünün əhəmiyyətini təhlil edərkən bildirib.  

A.Quliyev görüşdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinin aydınlaşması ilə bağlı tərəflər arasında  müzakirəyə çağırışın edilməsini olduqca əhəmiyyətli hesab edib.

“Bu, Ermənistanın illərboyu açmaq istəmədiyi bir mətləbin üzərinə gedilməsi deməkdir.  90-cı illərin ortalarından Azərbaycanın 4 minə qədər insanının taleyinin necə olduğu bəlli deyil. Bunlar Ermənistana  müxtəlif şəraitlərdə əsir düşmüş, Ermənistanın silahlı dəstələri tərəfindən naməlum istiqamətlərə aparılmış  Azərbaycan vətəndaşlarıdır. Aydın məsələdir ki, onların taleyinin aydınlaşdırılması bizim üçün çox prinsipialdır.  Bu, Azərbayacan dövlətinin özünün vətəndaşının taleyinə biganə qalmamasının nümayişidir”. 

 A.Quliyev eyni zamanda bildirib ki, Brüsseldə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və sülh sazişinin bağlanmasına edilən çağırış olduqca  prinsipial və əhəmiyyətlidir.

“Cənab Mişel açıq şəkildə dedi ki, münaqişənin  aradan qaldırılması və sülh sazişinin imzalanması üçün  addımların atılması vacibdir.  Bu, əslində “Dağlıq Qarabağ” münaqişəsi deyilən problemin başa çatması, tarixə  qovuşması barədə Azərbaycanın konseptual mövqeyinin Avropa Birliyi tərəfindən dəstəklənməsidir. Azərbaycan hesab edir ki,  münaqişə başa çatıb və bu proses məntiqi olaraq sülh sazişinin bağlanması ilə nəticələnməlidir ki, Avropa komissarı da bu mövqedən çıxış etdi.  Əslində, Avropa komissarı və Avropa Birliyində müzakirə olunan məsələlərlə bağlı Ermənistanın  manevr imkanlarını  minimuma endirib. O mənada ki,  Brüsseldə elə məsələlər müzakirə olunub, razılaşmalar əldə edilib ki, bu məsələlərlə bağlı  Ermənistan zaman-zaman pozucu mövqe tuturdu, onların  həll olunub axıra çatdırımasında maraqlı deyildi.  Bunlar Zəngəzur dəhlizinun açılması, sərhədlərin delimitasiya və demarkasiyası, mina ərazilərin təmizlənməsi, humanitar problemlərin  həll edilməsi və s. məsələlərlə bağlı idi. Avropa Burliyi Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu ortaya qoydu və  sərhədlərin delimitasiyası  ilə əlaqədar hər iki tərəfə işçi qrupunun yaradılmasını  tövsiyə etdi. Soçi razılaşmasında da delimitasiya ilə bağlı ikitərəfli komissiyanın yaradılması nəzərdə tutulurdu. Brüssel sammiti bu ideyanı daha da konkretləşdirdi”.

A.Quliyev hesab edir ki, Brüsseldə əldə olunmuş nəticələr müharibədən sonra bölgədə olan gərginliyi aradan qaldırmaq, gələcəkdə sülhə  yönəlik perspektiv açmaq baxımından əhəmiyyətlidir. Azərbaycanın “Dəhliz diplomatiyası” Brüsseldə qalib gəldi. Ölkəmizin postmüharibə konsepsiyasi Brüsseldə bir daha təsdiqləndi. 

Siyasət rubrikasından digər xəbərlər