Ümumi orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar təşkil edilib

15:00 21.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirib. İmtahanlar Bakı, Sumqayıt və Abşeronda təşkil olunub.

DİM-dən hafta.az-a bildirilib ki, ümumilikdə imtahanların idarə olunmasına 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 41 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 3 bina nümayəndəsi ayrılıb.

İyunun 22-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 10 gündən sonra elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.