ABŞ-İran danışıqları başlayıb

16:33 21.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qətər Xarici İşlər Nazirliyi ABŞ, İran və Pakistan nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk iclasının və danışıqların başlandığını açıqlayıb.

Hafta.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ, İran və iki vasitəçi ölkənin - Qətərin və Pakistanın nümayəndələrinin iştirak etdiyi sammit öz işinə başlayıb.

Doha ümid etdiyini bildirib ki, keçirilən görüşlər ABŞ və İran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunda əks olunan bütün məsələləri əhatə edən hərtərəfli və uzunmüddətli razılaşmanın əldə olunmasına şərait yaradacaq.

Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari qeyd edib ki, tərəflər yekun sazişin müddəalarının müzakirəsi üçün ixtisaslaşmış texniki işçi qrupları yaradıblar. Bundan əlavə, memorandumun müddəalarının icrasına nəzarət etmək məqsədilə monitorinq qrupları da formalaşdırılıb.

Diplomatın sözlərinə görə, bu addımlar bütün tərəflərin danışıqlar prosesini vicdanla və konstruktiv şəkildə irəlilətmək niyyətini nümayiş etdirir.

Əl-Ənsari, həmçinin Pakistanın tərəfdaş və vasitəçi kimi rolunu, Vaşinqton və Tehranın diplomatik həll yollarına sadiqliyini yüksək qiymətləndirib. O, eyni zamanda, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyənin danışıqlar prosesinə verdiyi dəstəyi xüsusi vurğulayıb.