Bakıda "Memarlıq irsi: Müasir və gələcək trendlər" adlı konfrans keçirilib (FOTO)

14:30 05.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Memarlar Günü münasibətilə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) tərəfindən Bakı KOB Evində "Memarlıq irsi: Müasir və gələcək trendlər" adlı konfrans təşkil olunub. Tədbirdə Yaponiyanın Pacific Co. Beynəlxalq İnfrastruktur Korporasiyasının mütəxəssisləri iştirak edirdilər.

Hafta.az-ın yazdığına görə, konfransda açılış nitqi ilə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Yuniçi Vada iqtisadiyyatın vacib sahələrindən olan tikinti sahəsi haqqında, ölkələr arasında iqtisadi əlaqələrdən, ATMİA-nın Yaponiyanın aparıcı şirkətləri ilə əlaqələrindən söz açıb.

ATMİA-nın Baş katibi Şahanə Sarı Assosiasiyanın fəaliyyəti haqqında iştirakçılara məlumat verərək əsas maqsadin ölkədə tikinti materialları istehsalına, inşaat sektorunun inkişafına dəstək verməkdən, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi va sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarət olduğunu vurğulayıb.

Pacific Co. Beynəlxalq Korporasiyanın nümayəndəsi, korporasiyanın Memarlıq departamentinin baş memarı Yoko Şiraişi təmsil etdiyi qurumun fəaliyyətə başladığı tarixdən həyata keçirdiyi layihələr barədə məlumat verib. "1951-ci ildə təsis edildiyimiz gündən Yaponiyada aparıcı mühəndislik konsaltinq şirkəti olaraq, Pacific Consultants Co. Ltd ham yerli, həm də xaricdə sosial infrastruktur layihələri, o cümələdən geniş çeşiddə mühəndislik və tikinti konsaltinq xidmətləri göstərilib, çox sayda dəmir yolları, limanlar, hava limanları, yollar, körpülər və tunellər və sair strateji obyektlərin, o cümlədən dövlət və özəl sektor üçün binaların tikintisini uğurla həyata keçirilib. İlk dəfədir Bakıdayıq. Cəlbedici, müasir, icra texnikasına görə bir-birindən seçilən binalarınız var. Qısa müddətdə şəhərinizlə tanış olarkən diqqəçəkən, unikal, qədim və müasir memarlıq abidələri ilə tanışlığımız zamanı Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyə bilərik", - deya Yoko Şiraişi bildirib.

Sonda yaponiyalı mütəxəssislər zəlzələyə davamlı binaların tikintisində Yaponiya təcrübəsindən, mövcud binalar üçün möhkəmləndirmə texnologiyası haqqında məlumat verərək, tədbir iştirakçıları və media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, ATMİA 2017-ci ildə yaranan, ölkənin 400-dən çox tikinti materialları istehsalçılarını və tikinti şirkətlərini özündə birləşdirən bir qurumdur.

Assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına, inşaat sektorunun inkişafına dəstək verməkdən, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən, o cümlədən ölkə daxilində və xaricində keçirilən sərgi və yarmarkalarda vahid ölkə “Made in Azerbaijan" brendinin təşviqindən ibarətdir.