Baltikyanı ölkələr Rusiya ilə sərhəddə müdafiə səddi qurur

09:25 28.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşa, Litva, Latviya və Estoniya rəhbərləri Avropa İttifaqı liderlərinə göndərdikləri məktubda Aİ-ni hərbi təhdidlərdən qorumaq üçün Rusiya və Belarusla sərhəd boyunca müdafiə xəttinin tikintisinə çağırıblar.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, müdafiə xəttinin qurulması Aİ ölkələrinin hərbi və hibrid təhdidlərə qarşı təhlükəsizliyinin təmin edilməsi kimi “kəskin və təcili” problemi aradan qaldıracaq.

Layihənin maliyyələşdirilməsi Avropa İttifaqından “siyasi və maliyyə səyləri” tələb edir. Avropa diplomatlarının sözlərinə görə, 700 kilometrlik müdafiə xəttinin tikintisi təxminən 2,67 milyard dollara başa gələcək və Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək.

Xəbərdə qeyd olunur ki, planlaşdırma və tikinti NATO və alyansın hərbi tələbləri ilə koordinasiyalı şəkildə aparılmalıdır.

Təklif digər müdafiə investisiya təşəbbüsləri kimi iyunun 27-28-də Brüsseldə keçiriləcək Aİ liderlərinin sammitində müzakirə olunacaq.

May ayında Estoniya, Litva, Latviya, Norveç, Finlandiya və Polşa Daxili İşlər Nazirliyinin rəhbərləri sərhədyanı əraziləri qorumaq üçün “dron divarı” yaratmaq barədə razılığa gəliblər. Tədbir Rusiya və Belarus üçün "daxili təhlükəsizliyin və ictimai asayişin sabitliyinin pozulması" ilə izah edilib. Layihə Aİ-nin vəsaiti hesabına maliyyələşdiriləcək.