Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyi, Gənclər və İdman, Mədəniyyət və Təhsil nazirlikləri ilə birlikdə Beynəlxalq Qadınlar Gününə həsr edilmiş online tədbir keçirib.
Hafta.az-ın yazdığına görə, tədbiri giriş sözü ilə açan Səfirliyin müvəqqəti işlər vəkili Abdalla əl-Şamsi müzakirələrin məhsuldar olacağına inamını ifadə edərək, bu tədbirin dost ölkələrimiz arasında gender bərabərliyi və qadın hüquqlarının genişləndirilməsi sahəsində təcrübə mübadiləsi sahəsində bir fürsət olduğunu qeyd edib. O bildirib ki, Əmirliklər, ölkənin inkişafında bu qədər mütərəqqi və aktiv qadınların olmasından qürur duyur. Beləliklə, BƏƏ-nin təqvimlərində rəsmi olaraq bu torpağın xanımlarına həsr olunmuş xüsusi bir gün var - 28 avqust. Həmin gün millətin qadınlarının BƏƏ-nin inkişafındakı rolunu tanımaq məqsədi daşıyır. Tarixi Millətin Anası Şeyxə Fatimə bint Mübarəki seçib. Bu tarix 1975-ci ildə Ümumi Qadınlar Birliyinin yaranmasına təsadüf edir.

Ümumiyyətlə, BƏƏ Konstitusiyası bütün vətəndaşlarına bərabər hüquqları təmin edir və ölkədəki qadınlar kişilərlə eyni statusa və hüquqlara sahibdirlər. BƏƏ Strategiyası qadınların təhsili, sağlamlığı, iqtisadi fürsəti, siyasi iştirakı və gender balanslı qanun yaradıcılığının inkişafını dəstəkləyir. BƏƏ qadınları liderlik, texniki və akademik rollarda vəzifə tuturlar, hətta nazir vəzifəsində qadınlar var.
Əmirlik qadınları, həmçinin, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin heyətinə qoşulur, xarici ölkələrdə diplomat kimi fəaliyyət göstərirlər. Onlar ölkəni yüksək səviyyədə təmsil edirlər. Prezident Xəlifə bin Zayed Əl-Nəhyanın fərmanına əsasən Federal Milli Şuranın seçilmiş üzvlərinin 50 faizi qadın olmalıdır.
BƏƏ qadınları eləcə də uğurlu iş adamlarıdır. Bildiyiniz kimi, BƏƏ Ümid zondunu Marsa müvəffəqiyyətlə göndərdi. Fakt budur ki, bu Missiya komandası üzvlərinin 34 faizi Əmirlik qadınlarıdır.
Qadınların hüquqlarının genişləndirilməsi və qorunması BƏƏ-nin xarici yardım strategiyasının əsas sütunlarından biridir. BƏƏ "100 faiz qadın" siyasəti hazırlayıb. Bu siyasətə əsaslanaraq BƏƏ bu məsələni Əmirliklərin humanitar proqram və layihələrinin bir hissəsi kimi saxlayır.
Daha sonra tədbir iştırakçıları BƏƏ-də qadın gününə həsr edilmiş videoçarxı izləyıblər. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi beynəlxalq əlaqələr şöbəsi sektor müdiri Mətanət Məmmədova “Azərbaycanın görkəmli idmançı qadınları”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi beynəlxalq əməkdaşlıq və innovativ inkişaf departamenti baş konsultant Günel Məmmədova “Qadın hüquqlarının genişləndirilməsində mədəni və kreativ sənayelərin rolu”, Azərbaycan Respublikası Təhsil Nazirliyi beynəlxalq əməkdaşlıq departamenti mütəxəssis Teymur Şirinov “Gender bərabərliyində təhsilin rolu” mövzusunda maraqlı çıxış ediblər.