Ermənistanın Türkmənistandakı səfiri Arsen Avaqyan bildirib ki, ölkəsi Türkmənistanla enerji əməkdaşlığının inkişafında və qaz sektorunda əlaqələrin genişləndirilməsində maraqlıdır.
Hafta.az yazır ki, erməni diplomat Turkmenportal-a müahibəsində deyib: "Ermənistan ardıcıl olaraq enerji təhlükəsizliyinin artırılması və enerji mənbələrinin şaxələndirilməsi siyasətini həyata keçirir və Türkmənistanın imkanlarını nəzərə alaraq, enerji sektorunda əməkdaşlığın inkişafında çox maraqlıdır. Dünyanın ən böyük təbii qaz ehtiyatlarından birinə malik olan ölkə beynəlxalq enerji bazarında əsas oyunçu və təkcə Ermənistan üçün deyil, enerji təhlükəsizliyinin təmin edilməsində və tədarükün şaxələndirilməsində əhəmiyyətli tərəfdaşdır", - deyə diplomat bildirib.
Onun sözlərinə görə, enerji ənənəvi olaraq iki ölkə arasında əməkdaşlıq gündəliyində yüksək yer tutur. Bu sahədə əməkdaşlıq məsələləri mütəmadi olaraq İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində, eləcə də Ermənistan və Türkmənistanın müvafiq nazirlikləri arasında əlaqələr zamanı müzakirə olunur.
Səfir xatırladıb ki, enerji sektorunda əməkdaşlığın möhkəm tarixi təməli var: 1990-cı illərdə Türkmənistan Ermənistana əsas təbii qaz tədarükçülərindən biri olub və toplanmış əməkdaşlıq təcrübəsi tərəfdaşlığın daha da inkişafı üçün möhkəm zəmin yaradır.
Onun sözlərinə görə, Türkmənistanın enerji ehtiyatları qarşılıqlı maraq doğurur və uzunmüddətli əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensial təklif edir. Son illər enerji əməkdaşlığının müxtəlif sahələri üzrə bir sıra məsləhətləşmələr və ekspert müzakirələri aparılıb. Xüsusilə, Ermənistan qaz sektorunda əməkdaşlığın inkişafına maraq göstərib.
Avaqyan vurğulayıb ki, Ermənistanla Türkmənistan arasında enerji əməkdaşlığı yalnız qaz təchizatı ilə məhdudlaşmır. Səfir qeyd edib ki, "Biz təcrübə mübadiləsi, müasir enerji texnologiyalarının inkişafı və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi də daxil olmaqla, digər sahələrdə də perspektivlər görürük".