Belarusda müxalif “Tor Band” rok qrupunun üzvləri ümumilikdə 24,5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hafta.az-ın yazdığına görə, dünən keçirilən məhkəmə iclasında musiqiçilərin ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək, ekstremist qrup yaratmaq, ölkənin nüfuzuna xələl gətirmək və Belarus prezidenti Aleksandr Lukaşenkonu təhqir etmək ittihamı ilə həbs cəzasına məhkum olunduğu açıqlanıb.
Qərara əsasən, qrup üzvü Dmitri Xalavaç 9 il, Yauhen Burlo 8 il, Andriy Yaremçik isə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
"Tor Band", 9 avqust 2020-ci ildə ölkədə keçirilən prezident seçkilərində Lukaşenkonun qalib gəlməsindən sonra başlayan etirazlara verdiyi dəstəyi ilə tanınır.
Müxalifətin saxtakarlıq səbəbi ilə reaksiya verdiyi seçkilərdə Lukaşenko 80,1 faiz, rəqibi fəal Svetlana Tixanovskaya isə 10,12 faiz səs toplayıb. Tixanovskaya kampaniya zamanı çoxlu hədələr aldığını və seçkilərdən sonra həbs olunacağından narahat olaraq Belarusdan qaçıb.
Ölkəni qarışıqlığa sürükləyən etirazlarda ən azı 35 min adam saxlanılıb, 15 etirazçı həyatını itirib.
Keçən il “Tor Band” Belarusun Dövlət Təhlükəsizlik Komitəsi (KQB) tərəfindən etirazlara dəstək üçün dərc etdiyi müxalifət mahnılarına görə “ekstremist qrup” kimi qələmə verilmişdi. Bundan sonra qrup üzvləri 2022-ci ilin oktyabrında saxlanılıb.
Tixanovskaya öz "X" hesabında yazdığı yazıda məhkəmə qərarına reaksiya verib və qrupu "ümid və müqavimət simvolu" adlandırıb.
Ötən il Nobel Sülh Mükafatı alan belaruslu fəal Ales Bialyatski qurduğu "Viasna" insan haqları təşkilatı vasitəsilə hökumət əleyhinə etirazları maliyyələşdirdiyinə görə mart ayında 10 il həbs cəzasına məhkum edilib.