Pezeşkian: “Körfəz ölkələri ilə bağlı bir çox problem həll olunur”

09:00 15.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran prezidenti Məsud Pezeşkian paytaxt Tehranda ölkənin media qurumlarının nümayəndələri ilə görüşüb. Çıxışında Pezeşkian qonşu ölkələrlə yaxşı münasibətlərin olmasının bir çox problemin həllinə kömək etdiyini bildirib.

Hafta.az yazır ki, Pezeşkian deyib: "ABŞ və İsrailin əsas məqsədlərindən biri İranla region ölkələri arasında bölünmə yaratmaq idi. Lakin son hadisələrə baxmayaraq, qonşu ölkələrlə çox yaxşı münasibətlər qurulub. Əməkdaşlığımızın səviyyəsini aşağı salmaq üçün heç bir səbəb yoxdur. Regional əməkdaşlığın artırılması ölkəyə əhəmiyyətli töhfələr verə bilər. Son həftələrdə diplomatik təşəbbüslərlə Fars körfəzi ölkələri ilə bir çox problemin və anlaşılmazlıqların həll yoluna qoyulması sevindirici haldır".

ABŞ ilə davam edən danışıqlara toxunan Pezeşkian dialoqa girməyin fundamental prinsiplərdən imtina etmək demək olmadığını və ölkəsinin "zorakılığa" boyun əyməyəcəyini bildirib.

Pezeşkian həmçinin ABŞ ilə danışıqlar qərarının İran lideri Müctəba Xameneinin təsdiqi ilə verildiyinə işarə edərək deyib: "Müharibə və danışıqlar qərarı Ali Rəhbərə və Ali Milli Təhlükəsizlik Şurasına aiddir. Milli birlik bu gün ölkənin əsas prioritetidir. İqtisadiyyat və xalqın dolanışığı hökumətin ən vacib qayğılarıdır".