Beynəlxalq maliyyə qurumlarını Qarabağa necə cəlb edək? - Aktual

14:21 03.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda işgaldan azad olunmuş Qarabağda minaların təmizlənməsi ilə paralel olaraq, dağıdılmış ərazilərin bərpası istiqamətində işlər aparılır. Məlum olduğu kimi, Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub. Bununla paralel olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb.

Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Bir sıra dost ölkələr - Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya və s. işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildiriblər. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Lakin hazırda Qarabağın yenidən qurulmasında daha çox Türkiyədən olan şirkətlərin fəaliyyəti gözə dəyir və qardaş ölkənin şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak edirlər.

Bəs, görəsən Qarabağın bərpası prosesinə beynəlxalq maliyyə qurumlarının, xarici investorların cəlb edilməsi üçün daha hansı addımların atılmasına ehtiyac var?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov bildirib ki, bu istiqamətdə sistemli iş aparmaq lazımdır:

“Hesab edirəm ki, bununla bağlı xüsusi qurum təsis edilməlidir. Həmin quruma hökümətin rəhbər şəxslərindən təyinat olunmalıdır. Bu təyinat ya Baş Nazir, ya da Baş Nazirin birinci müavini səviyyəsində olmalıdır. Həmin təşkilat beynəlxalq qurumlarla mütəmadi iş aparmalı, reallıqları təqdim etməli, müraciət edərək ölkəyə dəvət etməlidirlər. Yəni, bu işi hərəkətə gətirmək lazımdır. Bilirsiniz, cənab Prezident bu yaxınlarda Dünya Bankının nümayəndələrini qəbul etdi və görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olundu. Bu çox yaxşı haldır. Azərbaycanın Dünya Bankı ilə uzun illərə dayanan əməkdaşlığı var. Dünya Bankının bütün strukturları ilə Azərbaycan işləyir və Dünya Bankı Azərbaycanı yaxından tanıyır. Digər qurumlar, digər inverstorlar var ki, onlarla iş aparmaq lazımdır, onlara həqiqəti çatdırmaq  vacibdir. Bunu da pərakəndə deyil, sistemli formada, müəyyən ardıcıllıqla aparmaq lazımdır. Tutaq ki, hansı qurumlar bərpa işlərinə cəlb edilə bilər, mövcud potensial müəyyənləşdirilməlidir, həmin qurumlara təkliflər təqdim edilməlidir və s. Təqdim olunan təkliflər daha cəlbedici, daha diqqətçəkən olmalıdır. Biz gözləməməliyik ki, kimsə gəlib bizə təklif versin. Düzdür, türk şirkətləri hazırda bərpa prosesində iştirak edirlər. Onlar gəldilər, çünki bizim qardaşlarımızdır, biz müharibə dövründə də yan-yana idik və Qələbəmizin əldə olunmasında da çox böyük payları var. Biz təkcə türk şirkətləri ilə kifayətlənməməliyik, beynəlxalq maliyyə qurumlarını, özəl fondları, digər xarici investorları ölkəmizə dəvət etməliyik. Çox təəssüf ki, Azərbaycanda bir çox məsələlər pərakəndə şəkildə idarə olunduğundan müsbət nəticə əldə edə bilmirik. Elə götürək, Rusiyada yaşayan azərbaycanlı iş adamlarını. Rusiyada yaşayan imkanlı həmyerlilərimiz arasında qəlbi vətənlə döyünənlər çoxdur və dövlətə maddi dəstəklə bağlı onlar arasında təşkilatçılıq işi aparılmalıdır. Bizim problemimiz bütün bu işləri təşkil edəcək səviyyədə bir idarəçiliyin olmamasıdır, pərakəndəliyin olmasıdır. Azərbaycanda hər hansı bir problem yarandığı zaman xaricdəki iş adamlarının bir araya gətirilməsi, yardım kampaniyasının təşkil edilməsi üçün iş aparılmır. İmkanlar böyükdür, bizim nəinki tanınan, hətta elan olunmamış, gəlirləri bəyan edilməmiş milyarderlərimiz var. Onlar üçün Qarabağın işğaldan azad edilmiş ərazilərinin bərpasına bir neçə milyon vəsait ayırmaq heç bir problem deyil. Bu işlər lap öz adları ilə görə bilərlər. Qoy bir regionun bərpası hansısa bir iş adamının adı ilə bağlı olsun, onun adına yazılsın. Bunu təşkil etmək lazımdır, bizim bu istiqamətdə iş aparacaq qurumlarımız təkmil deyil. Bizdə ayrı-ayrı iş adamları müəyyən yardımlar etsə də, belə bir təşkilatçılıq yoxdur. Mən əminliklə deyirəm ki, xaricdəki iş adamlarımız belə bir çağırışa məmnuniyyətlə qoşularlar və azad edilən rayonlarımızın bərpası üçün milyardlarla dollar vəsait yığılar”.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov isə deyib ki, hazırda işğaldan azad olunmuş torpaqların ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində tədbirlər ən qabaqcıl yanaşmalar nəzərə alınmaqla planlı formada aparılır:

“Məhz buna görə də artıq beynəlxalq maliyyə qurumlarının və bununla birlikdə, qlobal miqyasda güclü iqtisadi resurslara malik təşkilatların və ölkələrin bu istiqamətdə icra ediləcək layihələrdə iştirak etməyə maraqlı olmaları müxtəlif formalı platformalarda səsləndirilməkdədir. Bununla belə, müvafiq istiqamətdə beynəlxalq təcrübəni də nəzərə alsaq müxtəlif təşəbbüslər realizasiya oluna bilər. Qeyd edim ki, bu istiqamətdə müvafiq təcrübələr ayrı-ayrı dövrlərdə İraq, Suriya, Əfqanıstan, Balkan yarımadasında və digər keçmiş münaqişə zonalarında tətbiq edilmişdir. İlk növbədə, investisiyaların cəlb olunması məqsədilə beynəlxalq miqyaslı investisiya forumu keçirilə, hazırlanmış vahid inkişaf konsepsiyaları müvafiq istiqamətdə ixtisaslaşmış qurumlara təqdim oluna bilər. Həmçinin, layihələrə cəlb oluna biləcək istər kommersiya, istərsə də qeyri-hökumət və beynəlxalq təşkilatlarının siyahısı,  fəaliyyət istiqamətləri, potensial yatırım imkanları, hansı sahələrə hansı təşkilatın cəlb oluna biləcəyi və s. kimi məsələlər detallı təhlil olunmaqla şərti formada desək “maliyyələşdirmə və investisiya xəritələri” hazırlana bilər. Eyni zamanda reinteqrasiya prosesləri ilə bağlı mühüm əhəmiyyət kəsb edən imkanlardan biri də investorların inamının və məlumatlara çıxışının artırılması məqsədi ilə mövcud lokal vəziyyətin qiymətləndirilməsi və nəticələri inikasiya edən şəffaf, rəqəmsal məlumat bazalarının formalaşdırılması ilə bağlıdır. Göründüyü kimi, müvafiq istiqamətdə tədbirlərin görülməsi üçün kifayət qədər geniş imkanlar və metodoloji yanaşmaların tətbiq edilməsi mümkündür. Bu baxımdan onu da qeyd etməliyəm ki, ən qabaqcıl təcrübələr qlokalizasiya edilməklə işğaldan azad olunmuş torpaqların inkişaf və bərpa prosesləri icra ediləcəkdir”.