Binaların tikinti layihələri gizlədilir

02:15 30.01.2014
Yazını böyüt
Yazını kiçilt
Cahangir Qocayev: «Bu çox müəmmalı bir məsələdir və istər-istəməz layihə sənədinin itirilməsi sual doğurmaya bilməz »


Paytaxtda layihəsi itmiş 352 bina aşkarlanıb. Bu binaların böyük əksəriyyəti Bakıda yerləşir və onların arasında yeni inşa olunanlar üstünlük təşkil edir.
“Həftə içi”nin məlumatına görə, bunu “İstismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin 2013-cü ildə aparılmış monitorinqin nəticələri və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada Fövqaladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev deyib. Onun sözlərinə görə, FHN Bakı Regional Mərkəzi tərəfindən 2013-cü ildə Bakının rayonlarında istismarda olan, SSRİ dövründə inşa olunmuş 5 və 9 mərtəbəli 608 binaya baxış keçirilib. Monitorinq Bakının Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Sabunçu, Səbail və Yasamal rayonlarında 12 Mənzil Kommunal İstismar Sahəsində (MKİS) aparılıb. Aşkar olunan pozuntu halları ilə bağlı 173 akt tərtib edilib. Ən çox akt Nərimanov (70 akt) və Nəsimi (52 akt) rayonlarının payına düşür. Aktlar əsasən qeyri-qanuni tiklilər, binaların qəzalı vəziyyətdə olması ilə bağlı olub. Monitorinq zamanı 352 layihəsi itirilmiş binalar da aşkarlanıb. Belə binaların ən çox Bakının Nərimanov (156 bina) və Nəsimi (144 bina) rayonları ərazisində olub.
Bəs, görəsən, binaların layihəsi hansı şəraitdə itə bilər? Ümumiyyətlə, layihə olmadan tikinti işlərini necə icra etmək olar?
Məsələyə münasibət açıqlayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bu məlumatdan təəccübünü gizlədə bilməyib. Onun sözlərinə görə, hansısa yaşayış binasının sənədinin itməsi qeyri-mümkündür: «Bu çox müəmmalı bir məsələdir və istər-istəməz layihə sənədinin itirilməsi sual doğurmaya bilməz. Çünki hansısa binanın layihə sənədi iynə-qıyıq deyil ki, itsin. Bu sənət böyük bir külliyyatdır. Ona görə də hesab edirəm ki, burada sənədin itməsindən deyil, gizlədilməsindən söhbət gedə bilər».

«Sənədlər mütləq arxivdə var»

Komitə rəsmisi layihə sənədləri itirilmiş binalara məsul şəxslərin müvafiq sənədləri bilərəkdən gizlətməsini də istisna etməyib. Anun fikrincə, layihələrin gizlədilməsində və ya itirilməsində ən müxtəlif səbəblər ola bilər: “Tutaq ki, tikinti işləri layihəyə uyğun icra olunmayıb və yaxud da tikinti aparan şirkət Dövlət Ekspertiza İdarəsinin tövsiyyələrini nəzərə almadan tikinti işləri aparıb. Belə halda sözsüz ki, binaya məsul qurumlar layihə sənədlərini gizlətməkdə maraqlı olurlar. Adda o olur ki, layihə sənədləri itirib».
Cahangir Qocayev vurğulayıb ki, əgər hansısa binanın layihə sənədləri itərsə, onun nüsxələrinin tapılaraq ortaya çıxarılması çətin məsələ deyil. Onun sözlərinə görə, əslində hansısa binanın layihəsi təsdiq olunarkən onun bir nüsxəsi layihəçidə, bir nüsxəsi sifarişçidə, bir nüsxəsi ekspertiza idarəsində, biri icra hakimiyyətində, digər nüsxəsi isə binanı istismara qəbul edən qurumda qalır: “Yəni, hansısa binanın layihə sənədi 5 nüsxə olur və ayrı-ayrı qurumların arxivində saxlanılır. Ola bilməz ki, bir binaya məxsus layihə sənədi bütün qurumların arxivində itsin».
Hazırda Azərbaycanda çoxmərtəbəli binaların tikintisinə hansı kriteriyalar əsasında icazə verildiyinə gəlincə, şöbə müdiri bu məsələnin ötən ilin yanvarın 1-dən qüvvəyə minən yeni Mənzil Məcəlləsi ilə tənzimləndiyini söyləyib. Cahangir Qocayev deyib ki, mövcud qanunvericiliyə əsasən, çoxmərtəbəli bina tikmək üçün ilk növbədə boş torpaq sahəsi olmalıdır və həmin sahəyə uyğun olaraq tikintinin layihə sənədi hazırlanmalıdır. Bununla paralel bina tikintisi üçün nəzərdə tutulan ərazinin geoloji tədqiqatı aparılmalıdır. Daha sonra layihə sənədi baxılması üçün müvafiq icra hakimiyyətinə təqdim olunmalıdır: “Həmin sənədin Bakının Baş Planına uyğunluğu təsdiqlənərsə, o zaman liyihəyə dövlət ekspertiza idarəsi tərəfindən baxış keçirilir. Layihənin müvafiq standartlara uyğun olduğu barədə müsbət rəy verilərsə, müvafiq icra hakimiyyəti tərəfindən tikinti işlərinə icazə verilir. Yəni, hansısa çoxmərtəbəli binanı layihə sənədi olmadan tikmək qeyri-mümkündür».

Layihənin itməsində maraqlı qüvvələr ola bilər

Məsələyə münasibət açıqlayan «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin rəhbəri Ramil Osmanlı da bildirib ki, paytaxtda hansısa çoxmərtəbəli binanın layihəsinin itməsi inandırıcı deyil. Onun sözlərinə görə, layihə sənədinin itməsində maraqlı qüvvələr ola bilər: «İstər sovet dövründə, istərsə də indiki dövrdə tikilən tikililərin layihə sənədlərinin itməsi inandırıcı deyil. Çünki bu sənədlər ayrı-ayrı qurumların arxivlərində qorunur. Amma ola bilər ki, hansısa şirkət sənədin itməsində maraqlı olsun. Məsələn, şirkətin layihə sənədində tikilinin 5 mərtəbəli nəzərdə tutulmasına baxmayaraq bina 7 və ya 9 mərtəbəli tikilə bilər. Təbii ki, bu addım tikinti normalarının kobud şəkildə pozulması deməkdir. Hansısa tikilinin layihəsi isə əsas sənəd hesab edildiyindən tikintinin həmin layihəyə uyğun aparılması mütləqdir».
Ekspert öz açıqlamasında paytaxtda layihə sənədinə uyğun tikilməyən çoxmərtəbəli binaların olmasını da istisna etməyib. Hazırda bu məsələyə ciddi fikir verildiyini deyən Ramil Osmanlının sözlərinə görə, hətta belə səbəblərdən xeyli binaya hələlik mavi yanacaq verilməyib: “Amma təxminən 5-10 il bundan əvvəl tikinti sektorunda ciddi özbaşınalıqlar hökm sürürdü. Belə demək mümkündürsə, kim necə istəyirdi tikinti aparırdı, heç layihə sənədinə fikir verən yox idi. Bu baxımdan ola bilər ki, tikintiyə məsul şəxslər həmin 352 binanın layihə sənədini də elə qəsdən itirib».
Məsələyə Bakı şəhər İcra Hakimiyyətindən də münasibət öyrənməyə çalışdıq. Amma qurumdan sadəcə, bu məlumatdan xəbərsiz olduqlarını bildirməklə kifayətləndilər.

Sevinc
rubrikasından digər xəbərlər