BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver qida hüququnun təmin edilməsində hökumətin göstərdiyi səylərini araşdırmaq məqsədilə 1-11 oktyabr tarixlərində Azərbaycana fakt araşdırıcı səfərini həyata keçirəcək.
Hafta.az-ın yazdığına görə, xanım Elver bildirib ki, Azərbaycanda qida hüququ təminatının qiymətləndirilməsini və insanların qazancına təsir göstərən ölkənin qida və kənd təsərrüfatı siyasətinin daha yaxından öyrənmək arzusundadır.
“Səfərimin məqsədi münasib təcrübəni, eləcə də çətinlikləri müəyyən etmək məqsədilə konstruktiv müzakirələr aparmaq və hökumətə, digər dairələrə faydalı tövsiyələri verməkdən ibarətdir”, - Hilal Elver deyib.
Qeyd edək ki, bu, qida hüququ üzrə müstəqil ekspertin ölkəyə ilk səfəridir. Xüsusi məruzəçi Bakı, Quba və Gəncəyə səfər edəcək. O, hökumət rəsmiləri, Ombudsman, BMT sistemin nümayəndələri, beynəlxalq donor icması, vətəndaş cəmiyyəti təşkilatları və digər icmalarla görüşlər keçirəcək.
Elver deyib ki, həmçinin, Azərbaycanda qida hüququnun təmin edilməsinə iqtisadi artımın və xarici sərmayələrin nə dərəcədə təsir göstərdiyini yaxından öyrənmək fikrindədir.
“Kənd təsərrüfatı sektorunun oynadığı rolu, o cümlədən münasib təcrübə nümunələrini və çətinlikləri nəzərdən keçirməyi planlaşdırıram. Həmçinin, xüsusilə qadınlar, uşaqlar, azlıqlar, əlilliyi olan şəxslər və həm şəhər, həm də kənd yerlərində məcburi köçkün kimi yaşayan, öz evlərini tərk etməyə məcbur olmuş insanlar arasında olmaqla, qida hüququnun yerinə yetirilmə vəziyyətini qiymətləndirəcəyəm. Eyni zamanda, özəl sektorun rolunu; torpaq üzərində mülkiyyət hüququnun, ətraf mühit məsələlərinin və iqlim dəyişikliyinin təsirini; xüsusən də yeni doğulmuşlara və uşaqlara gəldikdə, qidalanma və keyfiyyətli qidaya aid məsələləri nəzərdən keçirəcəyəm”, - BMT rəsmisi deyib.
Xüsusi məruzəçi səfərə dair ilk müşahidələrini səfərin sonunda - oktyabrın 11-də media nümayəndələri ilə görüşdə açıqlayacaq.
Səfərlə əlaqədar Elverin yekun hesabatı 2020-ci ilin martında Cenevrədə İnsan Hüquqları Şurasına təqdim olunacaq.