Britaniyalılar tacqoyma mərasiminə büdcədən pul xərclənməsini istəmirlər

14:00 20.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Britaniyalıların yarıdan çoxu Kral Çarlzın tacqoyma mərasiminin xərcinin xəzinə tərəfindən ödənilməsini istəmir.

Hafta.az-ın "Newsweek"ə istinadən yazdığına görə, YouGov sorğusuna qatılan respondentlərin 51 faizi mayın 6-da tacqoyma mərasiminin xərclərinin hökumətin ödənilməsinə qarşı çıxsa da, 32 faizi xərclərin xəzinə tərəfindən ödənilməli olduğunu bildirib. 

"Kral Çarlzın tacqoyma mərasimi sizi nə dərəcədə maraqlandırır?" sualına respondentlərin 64 faizi “bir az” və ya “heç” cavabını verib.

Tacqoyma mərasimi Böyük Britaniyada yaşayış dəyərinin artdığı, dövlət və özəl sektorun geniş yayılmış tətilləri və yüksək inflyasiya rəqəmlərinin olduğu bir vaxta təsadüf edir.

4246 nəfərin iştirak etdiyi sorğunun nəticələrinə görə, mərasim xərclərinin qarşılanmasına ən çox qarşı çıxanların yaşayış dəyərindən ən çox təsirlənən gənclər olduğu bilinib. 18-24 yaş arası iştirakçıların 62 faizi xərclərin dövlət tərəfindən qarşılanmasına etiraz etdiyi halda, mərasimin xərclərinin xəzinə tərəfindən ödənilməli olduğunu deyənlərin nisbəti 15 faiz olaraq qalıb. 

Yaşı 65 və yuxarı olan respondentlərin 43 faizi tacqoyma xərclərinin vergi ödəyiciləri tərəfindən ödənilməli olduğunu bildirərkən, buna qarşı çıxanların nisbəti isə yüzdə 44 olaraq ölçülüb.

Böyük Britaniya hökuməti tacqoyma mərasiminin dəyəri ilə bağlı hələlik açıqlama verməyib.

Mərasim çərçivəsində mayın 6-da kral kilsəsində tədbir, həmçinin mayın 7-də Vindzor qəsrində konsert keçiriləcək. Mayın 8-də bütün ölkə üzrə tətil olacağı açıqlanıb.

Qeyd edək ki, kraliça II Elizabetin 1953-cü ildə keçirilmiş tacqoyma mərasimi 912 min funt-sterlinqə başa gəlib. Kral III Çarlzın tacqoyma mərasiminin ümumi dəyəri və xərclərin necə qarşılanması ilə bağlı təfərrüatların mayın 6-da keçiriləcək mərasimdən sonra bəlli olacağı gözlənilir.