Bu dəqiqə gözümün önündə 4 şiddətə uğramış uşaq var – Təhlükə

17:46 26.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Təəssüflər olsun ki, hazırda azyaşlıların əməyinin istismarı, onlara qarşı fiziki zorakılıq halları günü-gündən artmağa davam edir. Məsələ ilə bağlı çoxlu sayda qanun qəbul edilib, maarifləndirmə işləri aparılsa da, belə problemlərin tamamilə qarşısını almaq mümkün deyil.  

Elə Baş Prokurorluğun əhaliyə bu günkü müraciətində də son zamanlar ölkəmizdə azyaşlılara qarşı zorakılığın artdığı deyilir. Həmçinin vətəndaşlardan uşaqlara qarşı fiziki, pixisi və sair zor tətbiq edilməsi hallarının şahidi olduqları halda dərhal bu barədə “961” nömrəli Çağrı Mərkəzinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bəs görəsən belə neqativ halların qarşısını almaq üçün daha hansı addımları atmaq lazımdır? Bunun üçün qanunvericilikdə yeni dəyişikliyə zərurət var?

Məsələ ilə bağlı hafta.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təəssüf hissi ilə söylədi ki, belə halların artmasına özü ən yaxşı şahiddir:

“Ümumiyyətlə, uşaqlara qarşı edilən bütün zorakılıq halları şiddət dərəcəsindən asılı olmayaraq mənimçün eyni ağırlıqdadır. Bu dəqiqə gözümün önündə bir ay ərzində müraciət edilərək polis tərəfindən yerləşdirilən 4 şiddətə uğramış uşaq var. Ən böyüyü 5 yaşlı Cahiddir. O hal-hazırda xəstəxanada müalicə alır. Digər uşaqlar isə 4, 2 və 1 yaşlarındadır. Bu faciə deyilmi?”

Sədrin sözlərinə görə, azyaşlılara qarşı diləndirilmə, psixoloji şiddət və başqa fiziki zorakılıq halları var. O, çıxış yolunu, ilk növbədə erkən nigahlarla bağlı cəzaların sərtləşdirilməsində görür:

“İlk olaraq, qanunvericilikdə erkən nigahlarla bağlı dəyişiklik edilməlidir. Bununla bağlı qanunlar sərtləşdirilməli, valideyn məsuliyyətinin artırılması cəza metoduna çevrilməlidir. Problemin həlli istiqamətində yolu mən bu cür görürəm”.

Məsələnin qanunvericilik tərəfinə münasibət bildirən vəkil Turan Abdullazadə isə hesab edir ki, ölkəmizdə  uşaq hüquqları haqqında kifayət qədər qanunvericilik bazası mövcuddur. Buna Azərbaycan Respublikasının Konstitusiyasını, “Mülki”, “Cinayət”, “Ailə” Məcəllələrini, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununu,  “Uşaq Hüquqları haqqında” Konvensiyanı və sair qanunvericilik aktlarını misal çəkmək olar. Bu səbəbdən də hüquq eksperti qanunvericilikdə dəyişikliyə ehtiyac görmür:

“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Cinayət qanunvericiliyinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi cinayti ağırlaşdıran hallardan biridir. Düşünürəm ki, uşaqlara qarşı zorakılığın artması ilə bağlı problemin həlli üçün qanunvericiliyə dəyişiklik əsas prioritet addım deyil. Tarix boyu ağır cəza siyasəti yürüdən dövlətlərin təcrübəsinə nəzər saldıqda cinayətlərin say statistikası bizə onu göstərmişdir ki, cəzaların ağırlaşdırılması cinayətlərin və qanun pozuntularının sayını azaltmır”.     

T.Abdullazadə çıxış yolunu düzgün və genişmiqyaslı maarifləndirmə tədbirərində görür.

“Hesab edirəm ki, uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün təhsil müəssisələrində ibtidai sinif səviyyəsindən şagird və valideynləri ilə maarifləndirmə işləri aparılmalıdır. Xüsusilə uşaqlara qarşı zorakılığın çox olduğu rayon-kənd yerlərində müvafiq səlahiyyəti olan dövlət orqanları və qeyri hökümət təşkilatları tərəfindən tərəfindən uşaqlar və valideynlər üçün təlimlər, treninqlər, müxtəlif tədbirlər təşkil olunmalı, uşaqlara qarşı zoraklığın qarşısını ala biləcək profilaktik və preventiv metodların təbliğatı artırılmalı,  ictimai qınaq gücləndirilməli və sosial platforma ( sosial şəbəkələr vasitəsilə maarifləndirmə, TV proqramlar, nümunəvi video çəkilişlər)  kimi vasitələrdən geniş və məqsədyönlü  istifadə olunmalıdır”.

Erkən nikahlarla bağlı problemə gəldikdə isə vəkil, qanunvericilikdə dolayı da olsa erkən nikaha girən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müddəanın olduğunu söylədi:

“Belə ki,  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə — üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 152.2. maddəsinə əsasən eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə — üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi 16 yaşına çatmamış şəxslə nikaha daxil olmaq məsuliyyətə səbəb olur. Təəsüflər olsun ki, bəzən valideynlər 16 yaşına çatmayan uşaqlarını “ərə” verirlər. Bu kimi halların çox vaxt üstü açılmır. Çünki dövlət orqanlarında bu barədə məlumat olmur. Əsasən regionlarda bu cür mənfi tendensiyalar müşahidə olunur. Rayon-kənd yerlərində sosial təminat və işsizliklə bağlı problemlər olduğundan valideynlər qız uşaqlarına “artıq yük” kimi baxır. Məhz bu səbəbdən regionlarda maarifləndirmə işlərinin artırılması, təhsil keyfiyyətinin və iqtisadi rifahın yüksəldilməsi zəruridir”.